Bakı. Fərid Zöhrabov - Trend:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiqlədiyi Regionların sosial-iqtisadi inkişafı dövlət proqramına uyğun olaraq “Azərsu” Açıq Səhmdar Cəmiyyəti bölgələrdə əhalinin içməli su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədilə layihələrin icrasını davam etdirir. Ağcabədi şəhəri İsmət Qayıbov küçəsində çoxmənzilli yaşayış binaları mərkəzləşdirilmiş şəbəkələrə qoşulur, binaların daxili su təchizatı və kanalizasiya sistemləri yenidən qurulur.
Bu barədə ASC-dən Trend-ə bildirilib.
İsmət Qayıbov küçəsində 7 çoxmənzilli yaşayış binasının içməli su təchizatı indiyədək məhəllədaxili subartezian quyusu hesabına aparılıb. Həmin binalarda mövcud olan 160 mənzil sakinlər tərəfindən fərdi və pərakəndə çəkilmiş su xətləri hesabına təmin olunub. Subartezian quyusunun imkanları və primitiv çəkilmiş xətlər normal su təchizatı aparmağa imkan vermirdi. Ərazidə mərkəzləşdirilmiş kanalizasiya sistemi isə mövcud olmayıb və tullantı suları yaxınlıqdan keçən şor kanalına axıdılır.
Binaların mərkəzləşdirilmiş su təchizatı sisteminə qoşulması və binadaxili sistemlərin yenidən qurulması məqsədilə “Azərsu” ASC tərəfindən yeni layihə hazırlanıb və icrasına başlanıb. Layihəyə əsasən, binaların su təchizatı bundan sonra Ağcabədi şəhərinin şəbəkəsindən aparılacaq. Bu məqsədlə şəhər şəbəkəsindən əraziyə 600 metr uzunluğunda su xətti çəkilir. Binaların hər bir mənzili yeni çəkilən şəbəkəyə qoşulacaq və sayğaclar quraşdırılacaq.
Binaların mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsinə qoşulmasını təmin etmək üçün 800 metr uzunluğunda tullantı su xətləri çəkiləcək və Ağcabədi şəhərinin mövcud kanalizasiya şəbəkəsinə birləşdiriləcək.
Yeni layihənin icrası nəticəsində 7 binada yaşayan sakinlərin içməli su və tullantı su xidmətlərindən istifadəsi yaxşılaşacaq.