Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidməti Lənkəran şəhəri, Göyşaban kəndinin ərazisində “Fövqəladə hal zonasında axtarış və qəza-xilasetmə işlərinin təşkili” mövzusunda taktiki-xüsusi təlim keçirib. Təlimdə FHN-in Xüsusi Riskli Xilasetmə Xidməti ilə yanaşı, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti və Cənub Regional Mərkəzinin müvafiq qüvvələri də iştirak edib.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, təlimin keçirilməsində əsas məqsəd fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı qurumlararası qarşılıqlı fəaliyyətin daha da təkmilləşdirilməsi, komandir-rəis heyətinin idarəetmə bacarıqlarının artırılması, şəxsi heyətin fövqəladə hallarla mübarizə üzrə vərdişlərinin yüksəldilməsi olub.
Təlim 3 mərhələdən – “Xüsusi riskli xilasetmə taborunun yüksək hazırlıq dərəcəsinə gətirilməsi”, “Hadisə yerinə yürüşün keçirilməsi və Xüsusi riskli xilasetmə taborunun toplanma rayonunda yerləşdirilməsi” və “Fövqəladə hal rayonunda axtarış və yanğın-xilasetmə işlərinin aparılmasının təşkili”ndən ibarət olmaqla uğurla həyata keçirilib.
Təlim zamanı qarşıya qoyulan məqsədlərə nail olunub.
Təlimdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.