Bakı. Trend:
İslam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin
tutulması üçün müsahibə keçirilir.
Trend-in məlumatıma görə, “Dini etiqad azadlığı haqqında”
Azərbaycan Respublikası Qanununa dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanından irəli gələn
məsələlərin həlli məqsədilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi
tərəfindən “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din
xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad
edilməsi Qaydası” hazırlanıb və bu qaydaya əsasən Dövlət Komitəsi
tərəfindən keçirilən İslam dininə aid ibadət yerlərində (məscidlər)
vakant vəzifələrin tutulması üçün müsahibə bu gündən etibarən
başlayır.
Qeyd edək ki, Azərbaycanda İslam dininə aid ibadət yerlərində
(məscidlər) vakant vəzifələrin tutulması üçün bu il 24 may - 24
iyun tarixlərində sənəd qəbulu aparılıb. 39 vakant vəzifənin
tutulması üçün 270 namizədin sənədi qeydə alınıb.
Müsahibə Azərbaycan İlahiyyat İnstitutunun binasında təşkil edilir.
Hər gün 30-35 namizədin müsahibədə iştirak etməsi nəzərdə tutulur.
Qeydiyyatdan keçmiş hər bir namizədə müsahibənin keçiriləcəyi gün
və saat haqqında fərdi qaydada məlumat verilir. Müsahibə Dini
Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaratdığı müsahibə
komissiyası tərəfindən aparılır. Yeddi nəfərdən ibarət müsahibə
komissiyası yalnız ilahiyyatçılardan təşkil edilib.
Müsahibənin nəticələri keçirildiyi gündən 5 iş günü ərzində
Komitənin internet saytında (https://scwra.gov.az/az)
yerləşdiriləcək. Uğur qazanmış namizəd təsdiq edilmiş qaydalara
əsasən müsahibə bitdikdən sonra 30 iş günü ərzində Komitə sədrinin
əmri ilə İslam dininə aid ibadət yerinə və ya ziyarətgaha din
xadimi təyin olunacaq.
Müsahibədən uğurla keçən lakin vakant vəzifəyə təyin edilməmiş
namizədlər iki il müddətində ehtiyat kadr kimi saxlanılacaqlar.
Müsahibə komissiyasının sədri Dini Qurumlarla İş üzrə Dövlət
Komitəsinin sədr müavini Gündüz İsmayılovdur. Komissiya üzvləri
Mehman İsmayılov (Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin
tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru),
Cahandar Əlifzadə (Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini
qurumlarla iş üzrə şöbəsinin müdiri), Nahid Məmmədov (Dini
Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası
şöbəsinin müdiri), Rəhim Rəhimli (Dini Qurumlarla İş üzrə Dövlət
Komitəsinin Dini qurumlarla iş üzrə şöbəsinin müdir müavini),
Mirniyaz Mürsəlov (Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin
tabeliyindəki Azərbaycan İlahiyyat İnstitutunun prorektoru) və
Əhməd Niyazovdur (Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin
tabeliyindəki Azərbaycan İlahiyyat İnstitutunun İslamşünaslıq
kafedrasının müdiri).