Bakı. Trend:
Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisindəki avtomobil yollarında hərəkətin təhlükəsizliyinin artırılması, baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması, eləcə də kobud qayda pozuntuları törədən sürücülərin müəyyən edilməsi məqsədilə tədbirlər keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, keçirilən tədbirlər zamanı xüsusilə də nəqliyyat vasitəsində konstruksiya dəyişikliyinə yol verən, təhlükəsizlik kəmərindən istifadə etməyən və yol-hərəkəti qaydalarını müxtəlif üsullarla pozan sürücülər aşkarlanıb. Onlarla profilaktik söhbətlər aparılıb və barələrində inzibati tənbeh tədbirləri görülüb. Konstruksiya dəyişikliyi olunan nəqliyyat vasitələri isə sahiblərinin də iştirakı ilə müvəqqəti duracağa yerləşdirilib.