Bakı. Trend:
İyunun 29-da Azərbaycanın daxili işlər naziri, general-leytenant Arif Heydərovun vəfatından 45 il ötür.
Bu gün Azərbaycanın əfsanəvi dövlət xadimini xatırlayaraq, onun həyatı haqqında ailə üzvlərinin və həmkarlarının xatirələrindən az bilinən 12 faktı təqdim etmək istəyirik.
Bir çoxları Arif Heydərovu 70-ci illərdə ölkəmizin
hüquq-mühafizə orqanlarının fəaliyyətinin təkmilləşdirilməsinə
mühüm töhfə verən Azərbaycanın daxili işlər naziri kimi tanıyır.
Lakin Arif Heydərov ömrünün çox hissəsini, yəni 27 ilini SSRİ və
Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin kəşfiyyat bölmələrində
xidmətə həsr edib;
1943-1944-cü illərdə Moskvadakı kəşfiyyat məktəbində təlim zamanı
alman və fars dillərini öyrənib. Onun ya faşist Almaniyası ilə
döyüş bölgələrinə, yaxud da 1941-ci ilin sentyabrından sovet
qoşunlarının yerləşdiyi İrana xidmət üçün göndəriləcəyi güman
edilirdi. Arif Heydərov İkinci Dünya müharibəsi cəbhəsində könüllü
olaraq yollanmış və 1944-cü ilin dekabrında 18 yaşında 1-ci Ukrayna
cəbhəsinin kəşfiyyat bölmələrinin tərkibində Almaniyaya
göndərilmişdir. Taleyin hökmü ilə, İrana 1944-cü ilin sentyabrında
onun atası Nazar Heydərov Mazandaran və Gilan vilayətlərində
geoloji kəşfiyyat işlərinə rəhbərlik etmək vəzifəsi ilə göndərildi.
Bəzi məlumatlara görə, o, mərkəzi Təbrizdə olan Azərbaycan
Demokratik Respublikasının yaradılmasında da iştirak edib;
1967-ci ildə ə.Heydərov SSRİ səfirliyinin konsulu adı altında Sovet
kəşfiyyatı rezidentinin müavini vəzifəsinə Türkiyəyə ezam olunub.
Onun əməliyyat vəzifələrinə ABŞ və Qərbi Avropa diplomatlarının və
kəşfiyyat xidmətlərinin işçilərinin SSRİ tərəfə cəlb edilməsi
olub;
28 aprel 1968-ci ildə Arif Heydərov SSRİ-nin Ankaradakı
səfirliyinin damında Azərbaycan SSR bayrağını sancmış və bununla da
Azərbaycan gününü qeyd etmişdir. Bu, yəqin ki, SSRİ-nin diplomatik
praktikasında bu dövlətin səfirliyi üzərində eyni vaxtda iki bayraq
qaldırılan ilk və sonuncu hal idi;
A. Heydərov vaxtilə Türkiyədə təcrübə keçən və gələcəkdə Rusiya
Liberal Demokrat Partiyasının lideri olacaq V. Jirinovskini tələbə
kimi kommunist təbliğatına görə həbs olunduğu zaman şəxsən azad
edib. Jirinovski azərbaycanlı jurnalistlərə müsahibəsində bu faktı
təsdiqləməklə kifayətlənməyərək, həm də xilaskarının sonrakı həyatı
və taleyi barəsində məlumatlılıq nümayiş etdirmişdir. Yəqin ki, A.
Heydərov Jirinovskinin gələcəkdə azərbaycanlılar haqqında necə
danışacağını bilsəydi, radikal siyasətçinin Türk həbsxanasında
ömürlük qalmasını təmin edərdi;
A. Heydərov gözəl idmançı idi. Xüsusi təyinatlılarla yanaşı,
akademik avarçəkmə ilə də fəal məşğul olub və 50-ci illərdə iki
dəfə, iki nəfərlik qayıqla avarçəkmə üzrə Azərbaycan çempionu
olub;
Ə.Heydərov 1970-ci ildə Azərbaycanın daxili işlər naziri təyin
olunması ilə əlaqədar ümummilli lider Heydər Əliyev tərəfindən
Türkiyədən geri çağırılıb. Kəşfiyyatda xidmətini davam etdirməyi
planlaşdırsa da, müştərək iş və uzun illər dostluğu ilə bağlı
olduğu Azərbaycan rəhbərindən imtina etməyi mümkün hesab
etmədi;
Arif Heydərov SSRİ-nin iki qüdrət mərkəzi - Daxili İşlər Nazirliyi
və Dövlət Təhlükəsizlik Komitəsinin, ordu generalları V.Şelokov və
Y.Andropovun kəskin qarşıdurması dövründə nazir vəzifəsinə təyin
edildi. Hər iki komanda rəqib təşkilatın işçilərini öz sıralarında
pis qarşılayırdı. Ə.Heydərovun fenomeni ondan ibarət idi ki,
əməliyyat təcrübəsi, yüksək peşəkarlığı, erudisiyası və
ünsiyyətcilliyi sayəsində hər iki idarədə böyük nüfuza malik
idi;
Arif Heydərovun yazdığı ssenari əsasında Azərbaycanfilm
kinostudiyası tərəfindən gənc qızın qətli ilə bağlı "Əlavə iz"
detektiv filmi çəkilib. Filmin premyerası müəllifin ölümündən sonra
baş tutdu;
Qatil Arif Heydərovun həyatından məhrum etməyi planlaşdırmırdı.
Qəbul otağında buraxdığı kağız parçasında Azərbaycan DİN-in bir
neçə yüksək vəzifəli əməkdaşının adları qeyd edilib. Kağızın
parçasının sonunda "hamınızı ölüm gözləyir" qeyd edilmişdir. Orada
Arif Heydərovun adı yox idi. Özü milis əməkdaşı olan və nazirin
kabinetinə daxil olan qatil, "mən sənin üçün gəlməmişəm" deyə
qışqırdı və nazir müavini, general-mayor S. Kazımova atəş açdı.
Hadisə yerinə gələn müstəntiqlər nazirin tabel tapançasının
yerləşdiyi iş masasının çəkməcəsinin yarı açılmış vəziyyətdə
olduğunu qeyd ediblər. Uzun illər təcrübəsi olan cəbhəçi və
əməliyyatçı başqa cür edə bilməzdi – Arif Heydərov iş yoldaşını
xilas etməyə çalışıb, ancaq bir anlıq gecikib. Mahir atıcı olan
qatil, nazirə ölümcül bir atəş edib və sonra özünü öldürüb. Hadisə
barədə dərhal ümummilli lider Heydər Əliyevə məruzə edilib. O,
dərhal ağır yaralanan Arif Heydərovun çatdırıldığı xəstəxanaya
gəlib. Bir neçə saat sonra Heydər Əliyevin tapşırığı ilə Sovet
İttifaqının ən yaxşı neyrocərrahlar briqadası Moskvadan Bakıya
gəldi. Tam bir gün ərzində tibb korifeyləri nazirin həyatı üçün
mübarizə aparıblar. Amma, boş yerə. Arif Heydərov özünə gəlmədən
dünyasını dəyişib. 52 yaşı tamam olandan bir gün sonra.
Arif Heydərovun rəsmi tərcümeyi-halında onun doğulduğu yer kimi
Ağdaş rayonu göstərilib. Əslində o, Heydərovlar ailəsinin çıxdığı
Qubadlı rayonunda anadan olsa da, doğulduqdan bir ay sonra atasının
təyinatı ilə bağlı qeydiyyata alındığı Ağdaş rayonuna köçüb.
28 iyun 1996-cı ildə, Arif Heydərovun 70 illik yubileyi ilə bağlı
keçirilən tədbirdə, Azərbaycanın ümummilli lideri Heydər əliyev ona
"Azərbaycan xalqının generalı" adını vermişdir. Heydərovlar ailəsi
bu adı ölkəmizin hərbi iyerarxiyasında ən yüksək hesab edir.
Raya Abbasova