Bakı. Trend:
Ali təhsil müəssisələrinə aparılan müsabiqənin nəticələri açıqlandıqdan sonra sosial şəbəkələrdə ən çox müzakirə predmetinə çevrilən mövzu universitetə qəbul olan abituriyentlərdən tələb edilən sağlamlıq haqqında arayışdır. Belə ki, sözügedən arayışın 40 manat olması müəyyən problemlər yaradıb. Hətta bu ödənişi edə bilməyib universitetə qeydiyyatdan imtina edənlər var.
Bəs sağlamlıq haqqında arayış qanunidir? Arayış təqdim etmədən universitetə qeydiyyat mümkündür mü?
Trend bu gün sözügedən məsələ ilə bağlı Azərbaycan universitetlərinə sorğu ünvanlayıb.
Bakı dövlət Universitetdən Trend-ə bildirilib ki, qeydiyyat prosessi elektron qaydada portal vasitəsilə həyata keçirilir.
"Qeydiyyat keçmək üçün yalnız oğlanlardan ağ bilet tələb olunur, başqa sənəd tələb olunmur. Sonraki mərhələdə sənədlər universitetə verilir", - deyə bildirilib.
Azərbaycan Dillər Universitetinin (ADU) mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı Trend-in sualını cavablayarkən qeyd edib ki, arayış təqdim etmədən universitetə qeydiyyat mümkün deyil.
"Qeydiyyat üçün tələb edilən sənədlər arasında sağlamlıq haqqında arayış var. Yəqin ki, bu sənəd olmadan qeydiyyat mümkün deyil", - deyə o bildirib.
Azərbaycan İqtisad Universitetinin (UNEC) ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnarə Ömərova qeyd edib ki, UNEC-də sağlamlıq arayışı tələb edilmir.
"Tələbə poliklinikası mövcuddur. Tələbələr qəbul olduqdan sonra orada ödənişsiz şəkildə qeydiyyatdan keçə bilirlər", - deyə o əlavə edib.
Azərbaycan Texniki Universitetinin (AzTU) mətbuat katibi Sevinc İsgəndərova bildirib ki, sağlamq arayışı təqdim etmədən universitetə qeydiyyat mümkündür.
" Sağlamlıq haqqında arayış sənədini tələb etmək universitetlərin daxili məsələsidir. Tələb oluna da bilər, olunmaya da bilər. AzTU-da bu sənəd tələb olunmur", - deyə o vurğulayıb.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AZMİU) mətbuat katibi Nicat Abdullayev qeyd edib ki, sağlamlıq haqqında arayış mütləq təqdim edilməlidir.
"Qanunvericilik bunu tələb edir ki, həm işə qəbul zamanı, həm də tələbələr univeristetə qəbul zamanı sağlamlıq haqqında arayış təqdim etməlidir. Çünki müəyyən yoluxucu xəstəliklər var ki, onların daşıyıcıları kütləvi yerlərə daxil olması qadağan olunub. Bunu həm edən, həm şərait yaradan məsuliyyət daşıyır. Əgər şərait yaradan tərəf olaraq icazə versək qanunu pozmuş sayılırıq. Bu səbədən univeristetə qeydiyyat zamanı sağlamlıq haaqında arayış tələb edilir", - deyə bildirilib.
Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Trend-in sorğusuna cavab olaraq bildirilib ki, sağlamlıq haqqında arayış alınması tibbi göstəriş əsasında deyil, profilaktik müayinə olduğu üçün icbari tibbi sığorta təminatına daxil deyil.
"Lakin sosial layihə olaraq bəzi arayışlar icbari tibbi sığortanın təminatına alınıb. Bunlar 18 yaşa qədər uşaqların bütün növ arayışları və həqiqi hərbi xidmətə çağırılanların müayinəsidir. Sürücülük vəsiqəsi almaq üçün, işə qəbul zamanı tələb olunan, peşə xəstəliyini müəyyən etmək üçün tibbi müayinələrdən keçmək və s. ödənişli arayışlardır.
Bu arayışlar üçün tariflər tibbi xidmətlərin maya dəyəri, əhalinin tələbatı, dünya təcrübəsi, həkim müayinələri, instrumental-laborator müayinələrin həcmi nəzərə alınaraq müəyyən edilib. Belə ki sağlamlıq haqqında arayışlara terapevt, cərrah, nevropatoloq, oftalmoloq, otolarinqoloq, dermatoveneroloq, stomatoloqun ixtisaslı həkim müayinəsi, flüoroqrafiya, qanın ümumi analizi, sidiyin ümumi analizi daxildir", - deyə qeyd edilib.