Kəlbəcər. Trend:
Kəlbəcərdə inşa edilən yaşayış kompleksinə birinci mərhələdə 201 ailə köçürüləcək.
Trend xəbər verir ki, Kəlbəcər şəhərindəki 524 ailəlik yaşayış kompleksi 19,5 hektar sahəni əhatə edir.
Birinci mərhələdə buraya 201 ailə köçürüləcək. Bunun üçün kompleksdə dördmərtəbəli 6 bina tikilib. Binaların hər birində 27 mənzil mövcuddur. Mənzillərin 54-ü ikiotaqlı, 72-si üçotaqlı və 36-sı dördotaqlıdır.
Kompleksdə, həmçinin, “townhouse” tipli ikimərtəbəli 39 ev də inşa olunub. Bu evlərin hər biri üçotaqlıdır.
İkinci mərhələdə bu kompleksə 323 ailənin köçürülməsi planlaşdırılır. Bunun üçün isə müxtəlif tipli dördmərtəbəli 16 çoxmənzilli yaşayış binası, “townhouse” tipli ikimərtəbəli 57 ev inşa olunacaq.
Kompleksdə sakinlərin rahat yaşayışı üçün hər cür şərait yaradılır. Ərazidə park, istirahət guşələri, sosial-məişət obyektləri, avtodayanacaqlar, velosiped yolları, uşaq oyun və idman meydançaları istifadəyə veriləcək, geniş abadlıq və yaşıllaşdırma işləri görüləcək.
Qeyd edək ki, Prezident İlham Əliyevin Kəlbəcərə səfəri zamanı ikinci yaşayış kompleksinin də təməli qoyulub.