Bakı. Trend:
Yaşıl iqtisadiyyatın şaxələndirilməsi, iqlim dəyişmələri ilə mübarizə istiqamətində ölkəmizdə məhz sistemli, planlı və düşünülmüş tədbirlər həyata keçirilir.
Trend xəbər verir ki, bunu Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev "İnformasiya müharibəsi: COP29 ərəfəsində Azərbaycana qarşı informasiya hücumlarının mahiyyət və məqsədləri" mövzusunda keçirilən dəyirmi masada deyib.
O bildirib ki, bu gün Azərbaycan COP29 konfransının ən yüksək səviyyədə təşkili üçün bütün imkanlarını səfərbər edib.
"Təsadüfi deyil ki, 2024-cü il cənab Prezident İlham Əliyev tərəfindən ölkəmizdə "Yaşıl dünya naminə həmrəylik ili" elan edilib. Lakin Azərbaycanın əldə etdiyi nailiyyətlər bəzi bədxah qonşularımızı və onların havadarlarını narahat edir. BMT-nin hər kəsə məlum olan 4 qətnaməsinin beynəlxalq təşkilatların deyil, Azərbaycanın özünün təkbaşına icra etməsi bədnam qonşularımızı və onların havadarlarını narahat edir. Bunun nəticəsidir ki, beynəlxalq hüquq prizmasından heç bir təsir edə bilməyən bu dairələr ölkəmizə qarşı məhz informasiya hücumlarına, dezinformasiyalar yaymağa başlayırlar. Xüsusilə COP29 ərəfəsində aktivləşən müxtəlif siyasi dairələrdən edilən bu hücumlar, təhdidlər, hətta belə desək, çirkin kompaniyalar bizim qarşımızda duran hədəflərdən yayındırmaq və ölkəmizin artan nüfuzuna kölgə salmaq məqsədi daşıyır", - deyə E. Babayev vurğulayıb.