Bakı. Trend:
DYP-nin stasionar postunda narkotik vasitənin dövriyyəsinin qarşısı alınıb.
Trend xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, YPX Alayının Salyan rayonu ərazisində yerləşən stasionar postunda “Hyundai” markalı avtomobil saxlanılıb.
Sürücü A.Nadirovun qeyri-adekvat hərəkətləri şübhə doğurduğundan avtomobilə baxış keçirilib. Baxış zamanı avtomobildə qanunsuz olaraq daşınan narkotik vasitə - qurudulmuş marixuana və bir ədəd beşbarmaq aşkarlanıb. Sürücü nəqliyyat vasitəsi ilə birgə sonrakı araşdırma üçün ərazi polis orqanına təhvil verilib.
Baş Dövlət Yol Polisi İdarəsi narkotik vasitələrin dövriyyəsinə qarşı aparılan mübarizə tədbirlərinin daha da gücləndirildiyini və kriminal meyilli şəxslərə qarşı qanunla nəzərdə tutulan ən kəsərli tədbirlərin görüləcəyini bildirir.