Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti (DYNX) səlahiyyətləri daxilində ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi istiqamətində zəruri tədbirlərin görülməsini davam etdirir.
Trend xəbər verir ki, bu çərçivədə DYNX tərəfindən qeyri-yaşayış obyektlərində propan qaz balonlarından istifadə ilə əlaqədar növbəti monitorinqlər keçirilib.
Bakı şəhərinin Səbail və Yasamal rayonlarında keçirilən monitorinq zamanı bəzi qeyri-yaşayış obyektlərində yanğın təhlükəsizliyi qaydalarının tələblərinə zidd olaraq insan həyatı və sağlamlığı üçün birbaşa təhlükə mənbəyi olan propan qaz balonlarından istifadə halları aşkarlanıb.
Həyata keçirilən tədbirlər sayəsində təhlükə mənbəyi olan propan qaz balonları obyektlərin nümayəndələri tərəfindən kənarlaşdırılıb.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
Fövqəladə Hallar Nazirliyi bir daha vətəndaşlara, o cümlədən fiziki və hüquqi şəxslərə müraciət edərək yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunmasına çağırır və xatırladır ki, bazar və yarmarkaların ərazisində, binaların zirzəmi və kürsü mərtəbələrində propan qaz balonlarının saxlanılması və istifadəsi qadağandır.