Bakı. Trend:
Qazaxıstan akademik mübadiləni genişləndirməklə, təqaüdlərin miqdarını artırmaqla və universitetləri beynəlxalq proqramlara cəlb etməklə təhsil əməkdaşlığını aktiv şəkildə inkişaf etdirir.
Bunu Qazaxıstanın Elm və Ali Təhsil naziri Sayasat Nurbek Trend-ə verdiyi özəl müsahibədə deyib.
“Bugünə kimi 70-dən çox Qazaxıstan universiteti Azərbaycanla ikitərəfli saziş bağlayıb. Bu razılaşmalar tələbə və müəllim mübadiləsini, birgə tədqiqatları və təcrübə proqramlarını ehtiva edir. Bundan əlavə Qazaxıstanın 22 aparıcı universiteti əsasən akademik mübadilə ilə bağlı 40 yeni saziş imzalayıblar.”, -deyə nazir vurğulayıb.
Onun sözlərinə görə, indi azərbaycanlı tələbələr mübadilə proqramı əsasında Qazaxıstana, qazax tələbələr isə əksinə Azərbaycanda oxumağa yollana biləcəklər.
Nazir Qazaxıstanın 2025-ci ildə xarici tələbələr, o cümlədən Azərbaycandan olan abituriyentlər üçün ümumilikdə 550 təqaüd ayıracağını vurğulayıb.
“Bu vətənin yaxınlığında keyfiyyətli təhsil almaq üçün əla imkandır. Üstəlik bizim ölkələr arasında birbaşa aviareyslər mövcuddur: Bakı-Almatı, Bakı-Astana, Bakı-Aktau. Hər gün təyyarələr uçur ki, bu da təhsili daha əlçatan edir”.
Tərəflər eyni zamanda diplomların qarşılıqlı tanınması prosedurunun sadələşdirilməsi üzərində çalışır.
“Hələ 2013-cü ildə biz çərçivə sazişi imzalamışıq. Ötən il isə əlavə protokol imzalanıb ki, onun əsasında biz ölkələrimizin diplomlarının hər hansı prosedur, tarifikasiya və ya təsdiq tələb olunmadan qarşılıqlı tanınmasına doğru gedəcəyik”, -deyə Sayasat Nurbek bildirib.
Nazir Qazaxıstanda aparıcı beynəlxalq ali təhsil ocaqlarının o cümlədən Almaniya, İtaliya, ABŞ, Cənubi Koreya universitetlərinin fəaliyyət göstərildiyini xatırladıb. Xarici universitetlərin arasında Rusiyanın Mendeleyev adına Kimya və Texnologiya universiteti, Rusiyanın Qubkin adına Dövlət Neft və Qaz Universitetinin, Moskva Fiziki-Texniki İnstitutunun, Kvins Belfast Universitetinin, Minnesota universitetinin və Arizona Universitetinin yer aldığını diqqətə çatdırıb.
“Biz eyni zamanda “Horizone Europe” proqramında, türk dövlətləri universitetlərinin şəbəkəsində və başqa qrant təşəbbüslərində iştirakı aktiv şəkildə inkişaf etdiririk.”,-deyə o qeyd edib.
Nazir bildirib ki, Qazaxıstan enerji, nüvə texnologiyaları, “yaşıl” hidrogen və rəqəmsal iqtisadiyyat sahələri üzrə mütəxəssislərin hazırlanmasına böyük önəm verir.
Nazirin sözlərinə əsasən, Qazaxıstan 2025-ci ildə beş ən yaxşı müəllimini Azərbaycana göndərəcək. Onlar Azərbaycanın ali təhsil ocaqlarında riyaziyyat, kimya, fizika , biologiya və ingilis dilindən (ingilis dilində) dərs deyəcəklər.
“Bu prqoram genişləndiriləcək və gələcəkdə daha çox müəllimimiz Azərbaycanda öz təcrübələrini tələbələrə ötürə biləcəklər”, -deyə o bildirib.
Sayasat Nurbek vurğulayıb ki, Qazaxıstan qazax tələbələrin Azərbaycanda oxumasına maraq göstərir.
“İndi 79 tələbəmiz artıq Azərbaycan universitetlərində təhsil alırlar və bu rəqəm artmağa davam edəcək. Bizim imzaladığımız sənədə əsasən, hər il ölkələrimizin hökumətləri bakalavriat, magstratura, doktorantura proqramlarına 12 təqaüd ayıracaq.”,-deyə o bildirib.
Nazir qeyd edib ki, Qazaxıstan və Azərbaycan arasında təhsil sahəsində əməkdaşlıq ikitərəfli əlaqələrin möhkəmləndirilməsində mühüm rol oynayır.
“Biz logistika, tranzit və Xəzər dənizinin dibi ilə fiber-optik xəttin çəkilməsi sahəsində əməkdaşlığı fəal şəkildə inkişaf etdiririk. Lakin məhz təhsil ölkələrimiz arasında uzunmüddətli dostluq əlaqələri formalaşdırır”.
Bundan əlavə, nazir bildirib ki, Qazaxıstan şirkətləri Füzulidə Mərkəzi Rayon Xəstəxanasının tikintisində iştirak edir, eləcə də Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi artıq fəaliyyətə başlayıb, bu isə iki ölkə arasında tərəfdaşlığın yüksək səviyyədə olduğunu göstərir.
“Biz sadəcə qonşu deyilik, biz qardaşıq. Bizi ortaq dil, din, dəyərlər və ümumi tarix birləşdirir. Mübadilə proqramlarında nə qədər çox tələbə və müəllim iştirak edərsə, birliyimiz bir o qədər güclü olacaq”, – deyə Sayasat Nurbek sonda vurğulayıb.