...

"ACWA Power" Azərbaycanla enerji saxlama sistemi layihəsinin həyata keçirilməsi üzərində işləyir (ÖZƏL)

Yaşıl iqtisadiyyat Materials 5 Mart 2025 08:00 (UTC +04:00)
"ACWA Power" Azərbaycanla enerji saxlama sistemi layihəsinin həyata keçirilməsi üzərində işləyir (ÖZƏL)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Səudiyyə Ərəbistanının "ACWA Power" şirkəti Azərbaycan hökuməti ilə birlikdə Akkumulyator Enerji Saxlama Sistemi (BESS) layihəsinin növbəti mərhələsinin həyata keçirilməsi üzərində işini davam etdirir.

Bu barədə Trend-ə "ACWA Power"in Azərbaycandakı biznesin inkişafı üzrə direktoru Polina Lyubomirova məlumat verib.

Qeyd edək ki, 2024-cü ilin may ayında "ACWA Power" və Azərbaycanın Energetika Nazirliyi 200 MVt gücündə BESS layihəsinin həyata keçirilməsi ilə bağlı saziş imzalayıb.

"Biz Azərbaycanın Energetika Nazirliyi, Bərpa Olunan Enerji Mənbələri üzrə Agentlik və “Azərenerji” ASC ilə sıx əməkdaşlıq edirik ki, layihənin inkişafında irəliləyiş əldə edək. Bu, ölkə üçün strateji əhəmiyyət daşıyan təşəbbüsdür. Bərpa olunan enerji sektorunun genişləndirilməsi üçün bu layihə kritik əhəmiyyət kəsb edir", – deyə Lyubomirova bildirib.

O qeyd edib ki, "ACWA Power"in kompleks biznes modeli sayəsində şirkət enerji saxlama sahəsində əhəmiyyətli əlavə dəyər yaradır və hazırda istismar, tikinti və müqavilə bağlanması mərhələsində olan layihələrin ümumi tutumu dünya üzrə təxminən altı giqavatt-saata çatır.

""ACWA Power"in genişmiqyaslı enerji layihələrinin işlənib hazırlanması, maliyyələşdirilməsi, tikintisi və istismarı, eləcə də şəbəkə tezliyinin tənzimlənməsi, texniki dəstək və qabaqcıl həllərin tətbiqi sahəsindəki zəngin təcrübəsinə əsaslanaraq, biz bu bilik və bacarıqlarımızı Azərbaycanla bölüşməkdən məmnunuq", – deyə biznesin inkişafı üzrə direktor vurğulayıb.

O əlavə edib ki, yüksək sürətli akkumulyator enerji saxlama sistemləri artıq bütün dünyada geniş tətbiq olunur.

"Bu baxımdan, Azərbaycanın enerji sistemi üçün də batareya əsaslı enerji saxlama həllərinin tətbiqi iqtisadi cəhətdən səmərəlidir. Bu sistemlər neft və qaz istehlakını, ümumilikdə isə bərpa olunan enerji mənbələrində – külək və günəş enerjisində – yaranan dalğalanmaları tarazlaşdırmaq üçün istifadə edilən fosil yanacaqların həcmini azaltmağa imkan verir. Hazırda biz hökumətlə birlikdə layihənin növbəti mərhələsinə keçidlə bağlı işlər aparırıq", – deyə o bildirib.

X: @Lyaman_Zeyn

Xəbər lenti

Xəbər lenti