Bakı. Trend:
Əməliyyat zamanı canlı yayım açmaq istəyən həkimlərə xəbərdarlıq edilib.
Bu barədə Trend-ə Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.
Bildirilib ki, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən əhalinin həyat və sağlamlığına mühüm təhlükə yaranması faktına əsaslanan rəsmi müraciət daxil olduqda məsələni ətraflı araşdırır və qanunvericiliyin pozulması halları müəyyən edildikdə plandankənar yoxlama keçirilir.
"Tibb müəssisələrində sanitariya-epidemioloji tələblərə dair qaydalara riayət olunması şərtdir. Bu zaman tələbləri pozan şəxslər barəsində qanunvericiliklə müəyyən olunan qaydada İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi üzrə məsuliyyət yaradır.
Son zamanlar mediada və sosial şəbəkələrdə həkimlərin canlı yayım açması faktları ilə bağlı müvafiq qanunvericiliyə əsasən araşdırmalar aparılır, nəticə olaraq xəbərdarlıq və cərimələr tətbiq edilir. Həmçinin, AEM tərəfindən hər bir fakt üzrə həkimlər və klinikaların rəhbərliyi Azərbaycan Respublikası Səhiyyə Nazirinin 29 dekabr 2011-ci il tarixli “Həkimlərin etik davranış qaydalarının təsdiq edilməsi haqqında” Əmri barədə məlumatlandırılır.
Həmin əmrin VI bəndində qeyd edilir ki, tibbi xarakterli nəşrlər, həkimlərin elmi forumu və cəmiyyətdə çıxışları, media ilə maarifləndirci fəaliyyəti etik normalara uyğun olmalı, obyektiv elmi-praktik məlumatla məhdudlaşmalı və qeyri-sağlam rəqabət, reklam və özünü reklam elementlərini əks etdirməməlidir. Əmrdə, həmçinin o da qeyd olunur ki, həkim digər hüquqi və fiziki şəxslərin reklamı və maraqlarının təbliğatı üçün öz vəzifəsindən istifadə olunmasına yol verməməlidir.
Əməliyyat zamanı çəkiliş yalnız elmi-tədris məqsədi ilə tam sanitar-gigiyenik qaydalara riayət edilməklə, cərrahiyyə otaqlarında xüsusi tələblərə uyğun (sterillik) quraşdırılan texniki avadanlıqlar vasitəsi ilə həyata keçirilə bilər. Bu qaydalara əməl etməyərək, digər avadanlıqlarla çəkilişlərin aparılması gigiyenik qaydaları pozur və infeksiyanın yayılması üçün münbit şərait yaradır.
Yuxarıda qeyd olunan fəaliyyət, “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununun 29.1-ci maddəsinə əsasən reklam hesab olunur və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.4-ci maddəsinə əsasən tətbiqinə icazə verilməyən müalicə, profilaktika, diaqnostika və reabilitasiya metodlarının reklam edilməsinə görə vəzifəli şəxslər üç yüz (300) manatdan beş yüz (500) manatadək məbləğdə, hüquqi şəxslər min (1000) manatdan iki min (2000) manatadək məbləğdə cərimə edilir.
Vətəndaşlara bir daha xatırladırıq ki, özəl tibb müəssisələrində və aptek təşkilatlarında üzləşdikləri hər hansı problemlə bağlı AEM-in “Bir pəncərə” sistemi, “qaynar xətt”i (012 596 05 20), [email protected] elektron ünvanı və ya pharma.az saytının MÜRACİƏT bölməsi vasitəsi ilə müraciət edə bilər. Bu halda araşdırılma aparılır və lazım gələrsə, plandankənar yoxlamanın keçirilməsi barədə qərar qəbul edilir", - məlumatda deyilir.