Bakı. Trend:
2025-ci ilin fevral ayında sinəsində ağrı şikayəti olan 45 yaşlı xəstə Kliniki Tibbi Mərkəzin Torakal Cərrahiyyə şöbəsinə müraciət edib.
Bu barədə Trend-ə Kliniki Tibbi Mərkəzdən məlumat verilib.
Bildirilib ki, aparılan müayinələr zamanı sağ döş qəfəsi boşluğunun böyük hissəsini dolduran, ətraf orqanlarla yaxın təmasda olan, təxmini ölçüsü 18 sm olan, nəhəng və solid ağciyər törəməsi aşkarlanıb.
"Sağ ağciyərin orta və aşağı pay lobektomiyası ilə birlikdə, diafraqma rezeksiyası və rekonstruksiyası da icra edilərək invaziv törəmə en bloc şəkildə çıxarılıb.
Əməliyyat Torakal Cərrahiyyə şöbəsinin müdiri uzman torakal
cərrah Fəhmin Əmirov, uzman torakal cərrah Çinarə Kərimli və
komandanın digər üzvləri ilə birlikdə icra olunub.
Patologiya nəticəsində, çıxarılmış törəmənin ağciyərdə son dərəcə
nadir rast gəlinən Solitar Fibroz Tümor olduğu təsdiqlənib. Xəstə
əməliyyatdan 8 gün sonra heç bir ağırlaşma olmadan evə buraxılıb.
Altı aylıq kontrol müayinəsində onkoloji xəstəliyin lokal olaraq
kontrol altında olduğu müəyyən edilib.
Qeyd edək ki, ətraf orqanlara invaziya etmiş belə nəhəng törəmələrdə onkolojik prinsiplərə uyğun icra olunan radikal və genişləndirilmiş rezeksiyalar seçilmiş xəstələrdə həyat xilasedicisi ola bilər",- deyə məlumatda qeyd edilib.