Sentyabrın 19-da Beynəlxaq Qırmızı Xaç Komitəsi (BQXK) 50-dən çox şəkildən ibarət və Avropa, Afrika, Asiya və Amerikadan olan qadınların hekayətlərini göstərən "Qadınlar və müharibə" adlı fotosərgisini açıb. Trend xəbər verir ki, sərgi Bakı Muzey Mərkəzində keçirilir və sentyabrın 25-nə qədər davam edəcək.
BQXK-nın Azərbaycandakı nümayəndəliyinin başçısı Meri Iernts və Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova açılış mərasimində çıxış edib.
"Qadınlar və müharibə" sərgisi BQXK-nın seçdiyi müxtəlif fotoqrafların işlərini təsvir edir. Sərginin məqsədi silahlı münaqişələrin qadınların gündəlik həyatına göstərdiyi təsiri haqqında bilikləri artırmaqdır. Qaçqın, məcburi köçkün, dustaq, hərbçi və ya seksual zorakılığın qurbanı olaraq qadınlar öz həyatlarına müharibənin göstərdiyi təsirinin öhdəsindən cəsarətlə gəlirlər. Hər bir fotoşəkil bir qadının hekayətidir. Hər qadının müxtəlif taleyi, yaşı və dəri rəngi var, lakin onları bir şey birləşdirir - bu qadınların hamısı müharibə dövrünü yaşamış və onun faciəvi nəticələri ilə üz-üzə gəliblər.
2001-ci ildə BQXK silahlı münaqişələrin qadınlara nə cür təsir etdiyini və onlara post travmatik kömək daxil olmaqla göstərilən yardımının keyfiyyətini və səmərəliyini necə artırmaq yollarını göstərən "Qadınlar və müharibə" adlı araşdırmanı nəşr edib. Bu araşdırma 2003-cu ildə rus dilinə tərcümə edilmiş və MDB ölkələr arasında geniş yayılmışdır. Son beş il ərzində silahlı münaqişələrin qadınlara göstərdiyi mənfi təsirlər haqqında bilikləri artırmaq üçün BQXK bu mövzüya həsr olunan filmlər və nəşrlər hazırlaması və münaqişə tərəflərinə və hökumətlərə təqdim etməklə müxtəlif tədbirlər həyata keçirib.
Sərginin ilk açılışı 2002-ci ilin noyabrında Əmmanda İordaniya Kraliçası Rania Al Abdullahın himayəsi altında baş tutub.