Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarış İdarəsinin keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədovun və bandasının məhkəmə istintaqı yekunlaşmaq üzrədir. Trend xəbər verir ki, artıq zərərçəkmiş və şahid ifadələrinin dinlənilməsi başa çatıb, dövlət ittihamçıları isə prosesdə iştirak etməmiş zərərçəkən və şahidlərin ibtidai istintaqa verdikləri ifadələri məhkəmədə elan ediblər.
Prokurorlar Bəşir Cəfərli və Abdulla Yusifov müxtəlif səbəblərdən məhkəmə iclasında iştirak etməmiş zərərçəkənlər Zamirə Hacıyevanın, Sabir Babayevin, Məcid Məmmədovun, Viktor Əhmədovun, Mehman Əhmədovun, Rəna Kələbizadənin, Teymur Qasımovun, Elmar Məmmədovun, Vidadi Zeynalovun və şahid Afaq Məlikovanın ibtidai istintaqa verdikləri ifadələri elan ediblər. Zərərçəkənlər öz ifadələrdə Hacı Məmmədovun bandası tərəfindən silahlı basqına və adam oğurluğuna məruz qaldıqlarını göstəriblər.
Məhkəmə iclası ifadələrin elanı ilə davam edir.
Qeyd edək ki, DİN Baş Cinayət Axtarış İdarəsinin keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədovun və onun başçılıq etdiyi 25 nəfərdən ibarət bandanın cinayət işi üzrə məhkəmə istintaqı Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Məhkəməsində hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilir.