...

Cavad Derəxti: "DAK-ın rəhbərliyinə başqa dəyərli şəxslərin irəli çəkilməsini istədim"

Cəmiyyət Materials 9 İyul 2007 18:14 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Cavad Derəxti Dünya Azərbaycanlıları Konqresinə (DAK) yenidən sədr seçilməkdən könüllü şəkildə imtina edib. Bu barədə Trend ə Cavad Derəxti özü açıqlama verib.

Qeyd edək ki, DAK-ın iyulun 8-9-da Almaniyanın Köln şəhərində keçirilən doqquzuncu qurultayında əslən Güney Azərbaycandan olan Qulamrza Təbrizi Koqresin sədri seçilib. Əvvəlki sədr Cavad Derəxti isə namizədliyini irəli sürməyib.

Bu qərarını şərh edən Derəxti qeyd edib ki, o, artıq uzun zamandır DAK-a sədrlik edir. Bu dəfəki qurultayda təşkilata liderlik etmək üçün başqa şəxslərin irəli çıxmasını istəyib: "Mən istədim ki, başqa dəyərli şəxslər də irəli çəkilsin, DAK-ın idarəçiliyində yaxından iştirak etsin. Mən yenə də DAK-ın İdarə Heyətində təmsil olunuram, dostlarımız məndən tələb etdilər ki, sədrin birinci müavini olum. DAK bundan sonra da azərbaycançılıq ideologiyasını davam etdirəcək, daha uğurulu işlərə imza atacaq və daha fəal insanlar bu təşkilatın ətrafında birləşəcək" - deyə Derəxti qeyd edib.

Derəxti qeyd edib ki, doqquzuncu qurultay çox uğurlu olub, yüksək əhval-ruhiyyə, həmrəylik, səmimiyyət şəraitində keçib. Azərbaycanın milli himni ilə başlanan və yekunlaşan qurultayda vətənpərvərlik, azərbaycançılıq əhval-ruhiyyəsi hökm sürüb.

Derəxti onu da deyib ki, Qulamrza Təbrizinin DAK sədri seçilməsini təqdir edir: "Mən yeni sədrlə çoxdan bəri tanışam. İnanıram ki, o, DAK-ı çox uğurla irəli aparacaq. Mən Qulamrza Təbriziyə söz vermişəm ki, nə qədər DAK-ın sədridir, biz hamımız ona yardımçı olacağıq. Xüsusən də artıq beynəlxalq bir təşkilata çevrilmiş DAK-ı qoruyub saxlayacaq, onun dağılmasına imkan verməyəcəyik. Sədrliyə namizəd olmamağımın bir səbəbi də budur ki, DAK-ın bizim üçün nə qədər çox önəmli olduğunu, onun inkişafı naminə öz iddialarımzdan geri çəkilmədiyimizi nümayiş etdirək" - deyə Derəxti qeyd edib.

DAK 1997-ci ildə ABŞ-da yaradılıb. Təşkilat əsasən İranda yaşayan çoxmilyonlu azərbaycanlıların hüquqlarının müdafiəsi və Güney Azərbaycanın istiqlaliyyəti uğrunda mübarizə aparır.

Xəbər lenti

Xəbər lenti