...

Finlandiyalı məşqçi: Bakıda məqsədimiz azı bir finaldır (FOTO)

İdman Materials 25 Aprel 2017 13:58 (UTC +04:00)
Bakıya hər zaman təlim-məşq toplanışlarına və yarışlara gəlmək çox xoşdur
Finlandiyalı məşqçi: Bakıda məqsədimiz azı bir finaldır (FOTO)

Bakı. Maksim Tsurkov - Trend:

Bakıya hər zaman təlim-məşq toplanışlarına və yarışlara gəlmək çox xoşdur.

Bunu Trend-ə bədii gimnastika üzrə Finlandiya komandasının məşqçisi Larisa Qryadunova deyib.

Onun sözlərinə görə, Bakıda keçiriləcək bədii gimnastika üzrə Dünya Kubokundan gözləntiləri böyükdür: “İlk növbədə, təcrübə əldə etmək yaxşı olardı, çünki bu dəfə yarışlara çox gənc gimnast da gəlib. O, bir müddət əvvəl ciddi zədədən sağalıb və iki ilə yaxındır yarışlarda iştirak etməyib. İndi yavaş-yavaş təcrübə toplayırıq və ümid edirəm ki, bizdə hər şey alınacaq. İstərdik ki, ən azı bir finala çıxaq”.

Məşqçi qeyd edib ki, komandanın heyətinə təlim-məşqlərini Bakıda keçirmiş Yukki Tikkanen də daxil edilib: “O, artıq uzun müddətdir ki, çıxış edir və təcrübəli gimnastdır. Təəssüf ki, ötən il Dünya Kubokunda çıxış etmiş Yekaterina Volkova şəxsi səbəblər üzündən karyerasını başa vurub”.

Qeyd edək ki, 28-30 aprel tarixlərində Bakı növbəti FIG Dünya Kuboku mərhələsinə ev sahibliyi edəcək. Dünyanın bir çox ölkəsindən ən zərif idman növünün nümayəndələri öz məharətlərini nümayiş etdirmək üçün bu dəfə də Milli Gimnastika Arenasına toplaşacaqlar.

Yarışlarda 21 ölkədən 92 gimnastın iştirak edəcəyi gözlənilir. Onlardan 34 nəfəri fərdi proqramda, 58 nəfəri isə ümumilikdə 10 qrup hərəkətləri komandasının tərkibində çıxış edəcək.

Ölkəmizi bu turnirdə yeniyetmələr proqramında Avropa çempionatının gümüş və bürünc medalçısı Jalə Piriyeva, həmçinin Avropa çempionatının qrup hərəkətləri komandasının tərkibində gümüş medalçıları Siyana Vasileva, Diana Doman, Aleksandra Platonova, Ayşən Bayramova və Elif Zeynep Celep təmsil edəcəklər.

Yarışların ilk iki günü baş tutacaq təsnifat mərhələlərinin nəticələrindən asılı olaraq, həm fərdi gimnastlar, həm də qrup hərəkətləri komandaları arasında çoxnövçülük üzrə qaliblər və ayrı-ayrı alətlər üzrə finalçılar müəyyənləşəcək. Finallar isə turnirin son günü keçiriləcək.

Üç gün ərzində tamaşaçılar Azərbaycanın tanınmış gimnastları ilə yanaşı, bir çox xarici favorit idmançıların da çıxışlarını izləmək şansı əldə edəcəklər. Belə ki, yarışlarda 2 qat dünya çempionu və Avropa çempionu Aleksandra Soldatova (Rusiya), Avropa çempionatının bürünc mükafatçısı Zelikman Nikol (İsrail) və Rusiya (Olimpiya Oyunlarının qızıl medalçısı), İspaniya (Olimpiya Oyunlarının gümüş medalçısı), Bolqarıstan (Olimpiya Oyunlarının bürünc medalçısı), Belarus (dünya çempionatının bürünc mükafatçısı) qrup hərəkətləri komandaları iştirak edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti