Bakı. Trend:
Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında uşu yarışı davam edir.
Trend-in məlumatına görə, Azərbaycanı 56 kq çəki dərəcəsində təmsil edən Elçin İmanov yarımfinalda indoneziyalı Yusuf Vidiyantodan güclü olub - 2:0. Üçqat Avropa çempionumuzun finaldakı rəqibi İran döyüşçüsü Mehdi Məhəmmədi olacaq.
Yarımfinalda türkiyəli Əli Aydan üstün olan (2:0) Bayram Şəmmədov (65 kq) həlledici görüşdə İran təmsilçisi Forud Zəfəri ilə qarşılaşacaq.
Finala gedən yolda indoneziyalı Puca Riyayanı mübarizədən kənarlaşdıran (2:0) Vüqar Kərəmov (70 kq) da qızıl medal uğrunda iranlı Səid Fazeli ilə döyüşəcək.
Digər idmançılarımız Orxan Hətəmov (48 kq), Ruslan Pirəliyev (60 kq) və Pərviz Abdullayev (75 kq) isə yarımfinalda mübarizəni dayandırıblar.
Sabah uşu yarışına yekun vurulacaq.
Qeyd edək ki, Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.