Bakı. Trend:
İyunun 5-9-da Bakıda keçirilən BMX üzrə dünya çempionatı zamanı paytaxtımızda olmuş Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) prezidenti David Lappartien mötəbər yarışın uğurla başa çatması ilə əlaqədar Azərbaycan Velosiped İdmanı Federasiyasının 1-ci vitse-prezidenti, Avropa Velosipedçilər Birliyinin (UEC) Rəhbər Komitəsinin üzvü, dünya çempionatı ilə əlaqədar yaradılmış İşçi Qrupunun rəhbəri Sahib Ələkbərova təşəkkür məktubu göndərib.
Azərbaycan Velosiped İdmanı Federasiyasından Trend-ə verilən məlumata görə, Bakıya səfərindən məmnunluğunu ifadə edən UCI prezidenti dünya çempionatının yüksək səviyyədə təşkil olunduğunu xüsusi olaraq vurğulayıb. O qeyd edib ki, bu cür böyük tədbiri təşkil etmək olduqca böyük məsuliyyət və əmək tələb edir. Təşkilat Komətisinin gördüyü işlər Bakıya gələn qonaqların yaddaşlarında xoş xatirələrlə qalacaq:
“Bütün bunları nəzərə alaraq Sizə BMX velosipedinin inkişafına verdiyiniz böyük dəstəyə görə UCI ailəsi adından dərin təşəkkürümü bildirirəm”.
Qeyd edək ki, 5 gün davam edən dünya çempionatında planetin 43 ölkəsinin 1520 idmançısı iştirak edib.