Bakı. Cani Babayeva - Trend:
Böyük Britaniyadan olan gimnastlar - 12-18 yaş kateqoriyasında kişi cütlüyünün tərkibində çıxış edən Uilyam Klark və Harli Körtis-Lorens Bakıda Akrobatika Gimnastikası üzrə 12-ci Dünya Yaş Qrupları Yarışlarında qızıl medal qazanıblar.
Trend-in məlumatına görə, idmançıların 28.050 xal toplayıblar.
Rusiya gimnastları Boqdan Əliyev və Yeqor Taşlanov gümüş (27,600 xal), bürünc medal Bolqarıstan idmançıları Vladimir Kotoçev və Georgi Stoyanov (27,250 xal) qazanıblar.
Finalda gimnastlar kombinə edilmiş hərəkətləri təqdim ediblər.
Qeyd edək ki, martın 3-dən 6-dək Bakıda Akrobatika Gimnastikası üzrə 12-ci Dünya Yaş Qrupları Yarışları keçirilir.
Yarışda 24 ölkədən 438 gimnast iştirak edir.
Yarışda idmançılar 12-18 və 13-19 yaş qrupları üzrə kişi cütlükləri, qadın cütlükləri, qarışıq cütlüklər, kişi qrupları, qadın qrupları balans, temp və qarışıq hərəkətlər proqramında qüvvələrini sınayacaqlar.
Yarışda Azərbaycanı 12-18 yaş kateqoriyasında Rəsul Seyidli, Rəvan Zeynallıdan ibarət kişi cütlüyü, Nəzrin Qasımova, Xanım Məmmədzadədən ibarət qadın cütlüyü, Milana Əliyeva, Nizam Xamidulindən ibarət qarışıq cütlük, Anahita Bashiri, Zəhra Rəşidova, Nəzrin Zeyniyevadan ibarət qadın qrupu və 13-19 yaş kateqoriyasında Leyla Bəşirova, Nəzrin Fərmanova, Mənsumə Məmmədzadədən ibarət qadın qrupu təmsil edir.