Bakı. Trend:
Milli çempionatlarda davam edən ən uzun seriyalar açıqlanıb.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” da dünyanın ən yaxşıları arasında yer alıb.
Qurban Qurbanovun yetirmələri öz məhsuldar seriyaları ilə bir neçə göstəricidə fərqlənib. Təmsilçimiz üç siyahıda “Top-5”də yer alıb.
“Qarabağ” son 15 ev oyununda ən azı 2 qol vurub. Bu, dünyada üçüncü nəticəyə şərikdir. “Darul Takzim” Malayziyada 27, “Sportinq” Portuqaliyada 16 matçdır qonaqlara rəhm etmir. Ağdam klubu Serbiya “Srvena Zvezda”sı ilə eyni göstəriciyə malikdir.
“Qarabağ”ın ev oyunlarındakı məhsuldarlıq seriyasının özəlliyi isə 2-ci hissə ilə bağlıdır. Qurbanovun komandası fasilədən sonra qonaqlara aman vermir. Ağdamlılar son 13 matçın ikinci hissəsində ən azı 2 qol vurub. Bu, dünyada ikinci, Avropada birinci nəticədir. Yalnız “Belestyer Halsa” Sinqapur çempionatında 23 oyunluq seriyaya malikdir.
“Qarabağ”ın evdəki görüşün ikinci hissəsində heç olmasa bir qol vurması isə çoxdan adiləşib. Bu seriya 29 oyuna çatıb. Azərbaycan çempionu bu nəticə ilə 3-cüdür. “Belestyer Halsa” Sinqapurda 34, “Haken” isə İsveçdə 33 matçlıq seriyanı davam etdirir.
Qeyd edək ki, “Qarabağ” son ev oyununda “Kəpəz”i ikinci hissədə vurulan üç qolla 3:0 hesabı ilə darmadağın edib.