...

7 yaşayış məntəqəsini birləşdirən yol yenidən qurulur (VİDEO/FOTO)

İqtisadiyyat Materials 12 May 2017 12:21 (UTC +04:00)
“Azəravtoyol” ASC tərəfindən Şəmkir-Yeni Göyçə-Dağ Cəyir avtomobil yolu da yenidən qurulur.
7 yaşayış məntəqəsini birləşdirən yol yenidən qurulur (VİDEO/FOTO)

Bakı. Trend:

“Azəravtoyol” ASC tərəfindən Şəmkir-Yeni Göyçə-Dağ Cəyir avtomobil yolu da yenidən qurulur.

Bu barədə Trend-ə qurumdan məlumat verilib.

Ümumi uzunluğu 31 km olan yolda aparılan torpaq işləri artıq yekunlaşmaq üzrədir. 3-cü texniki dərəcəyə uyğun olaraq, yenidən qurulan yolun ümumi eni 10 metrdən 12 metrə qədər genişləndirilib. Bunun üçün zəruri olan yerlərdə yolun yararsız qruntu qazılaraq çıxarılıb, əvəzinə xüsusi material tökülərək yeni yol yatağı inşa edilib.

Tikinti işləri çərçivəsində 2 hərəkət zolaqlı olan yolun kənarlarında 1.5 metr enində çiyinlər qurulub, 7 metr enində yol əsasının salınması işləri aparılır ki, bu işlər də yekunlaşır. Yol boyu 90% torpaq işi görülüb. Bu işlərdən sonra yolun asfaltlanmasına başlanılacaq. Ümumilikdə yolun 200 min m2-dən çox sahəsinə 2 qat olmaqla 12 sm qalınlığında asfalt-beton örtük döşənəcək.

Yol boyu 29 ədəd 0.5 və 1.25 metr diametrində dəmir-beton suötürücü borular tikiləcək, zəruri olan yerlərdə 270 ədəd yol nişanı və məlumatverici lövhə quraşdırılacaq, daha sonra yolun üfiqi nişanlanma xətlərinin çəkilişi işləri aparılacaq. Torpaq və çınqıl örtüklü olan yolla vətəndaşların gediş-gəlişində, xüsusən payız-qış aylarında müəyyən çətinliklər yaranırdı. Avtomobil yolunun yenidən qurulması ilə bu problemlər həll olunacaq.

Qeyd edək ki, 7 yaşayış məntəqəsini birləşdirən Şəmkir-Yeni Göyçə-Dağ Cəyir avtomobil yolunun yenidən qurulması “Azəravtoyol” ASC tərəfindən texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək keyfiyyətlə aparılır. İşlərin bu ilin sonuna qədər yekunlaşdırılması nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti