Bakı. Trend:
Oktyabrın 27-də Litvanın paytaxtı Vilnüs şəhərində Azərbaycan Hökuməti və Litva Hökuməti arasında İkitərəfli Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 5-ci iclası keçirilib.
Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən Trend-ə verilən məlumata görə, iclasda Hökumətlərarası Komissiyanın Azərbaycan tərəfdən həmsədri, vergilər naziri Fazil Məmmədovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti, Hökumətlərarası Komissiyanın Litva tərəfdən həmsədri, xarici işlər naziri Linas Linkyaviçyusun başçılıq etdiyi Litva nümayəndə heyəti, Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə, Litvanın Azərbaycandakı səfiri Valdas Lastauskas iştirak ediblər.
Litvanın xarici işlər naziri L.Linkyaviçyus iclas iştirakçılarını salamlayaraq hökumətlərarası komissiyanın fəaliyyətini yüksək qiymətləndirildiyini bildirib. Komissiyanın son iclasından keçən ötən müddət ərzində görülən işlər barədə məlumat verən nazir Komissiyanın fəaliyyətinin Azərbaycan və Litva arasında iqtisadi əməkdaşlığın genişlənməsində xüsusi rola malik olduğunu qeyd edib və ölkələrimiz arasında əlaqələrin uğurla inkişaf etdiyini vurğulayıb. L.Linkyaviçyus qeyd edib ki, Azərbaycan Cənubi Qafqazda Litvanın ən mühüm iqtisadi tərəfdaşıdır. Litva-Azərbaycan iqtisadi əlaqələrinin inkişaf etdirilməsi üçün çox böyük potensial var. Xüsusilə, yüksək texnologiyalar, neft-kimya, nəqliyyat, yeyinti sənayesi, toxuculuq sənayesi kimi sahələrdə əlaqələri inkişaf etdirmək lazımdır.
Litva öz növbəsində Azərbaycan-Avropa İttifaqı münasibətlərinin daha da inkişaf etdirilməsi üçün körpü rolu oynaya bilər. Komissiyanın həmsədri qeyd edib ki, “Şərq tərəfdaşlığı” proqramının iştirakçısı olan hər bir ölkə bu proqrama böyük ümid bəsləyir. Litva Azərbaycan ilə Aİ arasında əməkdaşlığın möhkəmləndirilməsinə yardım edə bilər. L.Linkyaviçyus vurğulayıb ki, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolu bütün dünyada məlumdur. Nazir qeyd edib ki, yeni “Əsrin müqaviləsin”nin imzalanması Azərbaycanın geosiyasi əhəmiyyətini daha da artırıb.
XİN rəhbəri Litvanın ali məktəblərində iki yüzdən çox azərbaycanlı tələbə təhsil aldığını xüsusi qeyd edib və bu tələbələrin gələcək mütəxəssislər kimi hər iki ölkənin elçiləri olduğunu vurğulayıb.
İkitərəfli əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri, Azərbaycan Respublikasının vergilər naziri F.Məmmədov səmimi qəbul üçün Litva tərəfinə öz təşəkkürünü bildirib və 2010-cu ildən fəaliyyət göstərən Azərbaycan-Litva hökumətlərarası komissiyasının ötən dövr ərzində ölkələrimiz arasında ikitərəfli əlaqələrin daha da dərinləşdirilməsinə sanballı töhfə verdiyini, siyasi, iqtisadi və humanitar əməkdaşlıq sahələrində bir çox layihələrinin reallaşdırılmasına dəstəklədiyini bildirib.
F.Məmmədov bu dövrdə ölkələrimizin dövlət və hökumət qurumlarının, bələdiyyələrin, işgüzar dairələrin nümayəndələrinin iştirakı ilə çoxsaylı qarşılıqlı səfərlərin olduğunu xatırladaraq, bununla yanaşı ölkələrimiz arasında əməkdaşlığın inkişafı üçün kifayət qədər böyük potensialın olduğunu vurğulayıb.
Qeyd olunub ki, son üç il ölkələrimizin regionları arasında əlaqələrin inkişafı baxımından daha səmərəli olub. 2014-cü ildə “Azərbaycanın Şəmkir və Litvanın Şyaulyay şəhərləri arasında qardaşlaşma münasibətləri yaradılması haqqında” Niyyət Protokolunun imzalanması ikitərəfli münasibətlərdə yeni mərhələ olub. Bu baxımdan, Litvada istirahət mərkəzləri və müalicəvi kurortları ilə məşhur olan Druskininkay şəhəri ilə Azərbaycanın məşhur müalicəvi mərkəzləri – Naftalan şəhəri və Naxçıvandakı Duzdağ kompleksi arasında əməkdaşlığın inkişaf etdirilməsi imkanları xüsusi qeyd edilməlidir.
F.Məmmədov Azərbaycanın iqtisadi imkanları və logistik potensialı barədə məlumat verərək qeyd edib ki, yaxın vaxtlarda Bakı-Tbilisi-Qars dəmir yolu xətti istifadəyə veriləcək. Vergilər naziri Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın müstəsna rolunu vurğulayaraq, Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən neft-qaz layihələri barədə məlumat verib.
Komissiyanın Azərbaycandan olan həmsədri iki ölkənin ali məktəbləri arasında əməkdaşlığı, Litva universitetlərində təhsil alan azərbaycanlı tələbələrin sayının artmasını qeyd edərək Avropanın ən qədim universitetlərindən olan Vilnüs Pedaqoji Universitetində böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin adını daşıyan auditoriya açılmasından məmnun olduğunu bildirib.
Vergilər naziri Aİ ilə Azərbaycan arasında əməkdaşlığın genişləndirilməsi prosesində, o cümlədən Azərbaycan ilə Aİ arasında hərtərəfli saziş imzalanmasında Litvanın böyük dəstəyini xüsusi qeyd edib.
F.Məmmədov vurğulayıb ki, bununla bərabər, ikitərəfli əməkdaşlığın miqyası ölkələrimizin iqtisadi potensialına tam cavab vermir və bu potensialın daha tam səfərbər edilməsi Hökumətlərarası Komissiyanın işinin mühüm istiqamətlərindən biridir.
İclasda hər iki ölkənin iqtisadi durumu, ikitərəfli münasibətlərin inkişaf perspektivləri, müqavilə-hüquq bazasının inkişafı, energetika, kənd təsərrüfatı və ekologiya, gənclər və idman, mədəniyyət və turizm, təhsil və elm, nəqliyyat, informasiya və kommunikasiya texnologiyaları, gömrük, səhiyyə sahələrində, eləcə də Azərbaycan və Litvanın regionları arasında əməkdaşlıq məsələləri ətrafında geniş müzakirələr aparılıb. Ölkələrimiz arasında ticarət dövriyyəsinin həcminin artırılması üçün mövcud imkanların səfərbər edilməsi və qarşılıqlı ticarətin həcminin artırılması və diversifikasiyası üçün səy göstərilməsinin vacibliyi, informasiya texnologiyaları, maliyyə, tikinti, enerji, elektronika, nəqliyyat və logistika sektorlarında biznes əlaqələrinin qurulması üçün geniş imkanlar olduğu qeyd edilib.
İclasın sonunda Azərbaycan ilə Litva arasında ikitərəfli əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 5-ci iclasının yekunlarına dair Protokol imzalanıb. Sənədi komissiyanın həmsədrləri - Azərbaycanın vergilər naziri F.Məmmədov və Litvanın xarici işlər naziri L.Linkyaviçyus imzalayıblar.
Protokola əsasən, tərəflər əməkdaşlığın inkişaf etdirilməsində qarşılıqlı maraqları nəzərə alaraq bir sıra məsələlər barəsində razılığa gəliblər. Bunlara keçiriləcək sərgilər, konfranslar, biznes-forumlar barədə işgüzar dairələr üçün mütəmadi informasiya mübadiləsi, kimya və neft-kimya sənayesi, aqrokimya, əczaçılıq və tibbi avadanlıq üzrə ixtisaslaşan Litva şirkətlərinin Azərbaycanda yaradılmış sənaye parklarında, o cümlədən Sumqayıt kimya-sənaye parkında investorlar qismində iştirakının təşviq edilməsi daxildir.
Tərəflər ticari-iqtisadi əməkdaşlıq sahəsində əməkdaşlığın tənzimlənməsi, ikitərəfli əməkdaşlığın müqavilə-hüquqi bazasının, energetika, kənd təsərrüfatı və ətraf mühit, nəqliyyat, rabitə və informasiya texnologiyaları, səhiyyə, təhsil və elm, mədəniyyət və turizm, gənclər və idman sahələrində əməkdaşlığın inkişaf etdirilməsinə razılaşıblar.
Azərbaycan tərəfi Litvadan Azərbaycanın işğal edilmiş ərazilərində, o cümlədən Dağlıq Qarabağ regionunda və ona bitişik rayonlarda istehsal edilmiş məhsulun idxalına, ixracına, satışına və reallaşdırılmasına icazə verməməyi xahiş edib.
İclasda “Azərbaycan Respublikası Hökuməti və Litva Respublikası Hökuməti arasında xidməti pasport sahiblərinin vizadan azad edilməsi haqqında Saziş” imzalanıb. Sənədi Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov və Litva XİN başçısı L.Linkyaviçyus imzalayıblar.
Bundan başqa, “Azərbaycan Respublikası Vergilər Nazirliyi və Litva Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Vergi Müfəttişliyi arasında məlumat mübadiləsi sahəsində və vergi tələblərinin alınmasında qarşılıqlı inzibati yardım haqqında Anlaşma Memorandumu” imzalanıb.
Litvaya səfəri zamanı vergilər naziri F.Məmmədov bir sıra mühüm görüşlər keçirib.
Litva Seyminin sədri Viktoras Pranskietis ilə görüş zamanı Azərbaycan-Litva parlamentləri arasında əlaqələrin inkişaf müzakirə mövzusu olub. Parlamentlərarası əlaqələrin inkişafından danışarkən, F.Məmmədov iki ölkə parlamentində fəaliyyət göstərən dostluq qruplarının qarşılıqlı səfərlərinin həyata keçirilməsini vacibliyini qeyd edib.
Litva Seyminin sədri V.Pranskietis Azərbaycanla Parlamentlərarası əlaqələr üzrə qrupun Seymdə ən böyük qruplardan biri olduğunu xatırladıb və Litvanın Azərbaycanla əlaqələrin gücləndirilməsində maraqlı olduğunu, iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin inkişaf etdiriləcəyinə ümidvar olduğunu vurğulayıb.
Səfər çərçivəsində vergilər naziri F.Məmmədovun Litvanın xarici işlər naziri L.Linkyaviçyus ilə təkbətək görüşü keçirilib. Görüşdə ölkələr arasında ikitərəli əlaqələrin inkişaf etdirilməsi ilə bağlı məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. Qeyd edilib ki, hər iki ölkənin dövlət başçılarının məhsuldar əməyinin nəticəsində dövlətlərarası münasibətlər artıq strateji tərəfdaşlıq mərhələsinə qədəm qoyub. Qarşılıqlı əlaqələr intensiv şəkildə inkişaf edir, praktiki olaraq bütün sahələrdə ikitərəfli münasibətlər genişlənməkdədir. Litvanın Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlığın genişləndirilməsi və hərtərəfli əməkdaşlıq Sazişininin imzalanmasına hazırlıq prosesinə mühüm töhfə verdiyi qeyd edilib.
İkitərəfli Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri, vergilər naziri F.Məmmədov səfər çərçivəsində Şərqi Avropanın qədim ali təhsil olaqlarından biri olan Vilnüs Pedaqoji Universitetində açılmış Azərbaycan auditoriyasına da baş çəkib, Universitetdə oxuyan azərbaycanlı tələbələrlə görüşüb.