...

Saatlıda yeni içməli su təchizatı infrastrukturu yaradılıb (FOTO)

İqtisadiyyat Materials 21 Dekabr 2017 14:45 (UTC +04:00)
Saatlı rayonunda həyata keçirilən layihə çərçivəsində rayonun 7 kəndində yeni içməli su təchizatı infrastrukturu yaradılıb.
Saatlıda yeni içməli su təchizatı infrastrukturu yaradılıb (FOTO)

Bakı. Trend:

Saatlı rayonunda həyata keçirilən layihə çərçivəsində rayonun 7 kəndində yeni içməli su təchizatı infrastrukturu yaradılıb.

Bu barədə Trend-ə "Azərsu" ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Kəndlərə içməli suyun verilməsi münasibətilə Saatlı rayonunun Əlisoltanlı kəndində açılış mərasimi keçirilib. Saatlı rayon icra hakimiyyətinin başçısı Siraqəddin Cabbarov rayonda həyata keçirilən kommunal infrastruktur layihələrindən danışıb. O qeyd edib ki, icra olunan layihə sakinlərin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına xidmət edir.

“Azərsu” ASC-nin sədr müavini Köçərli Həsənov son illər bu sahədə görülmüş işlər barədə məlumat verib: “Aran bölgəsində yerləşən Saatlı rayonunda içməli su təchizatı həmişə aktual olub. Dünya Banklı ilə birgə maliyyələşdirilən layihə çərçivəsində Saatlı şəhərinin su təchizatı infrastrukturu yenidən qurulub və əhali fasiləsiz rejimdə içməli su ilə təmin edilib. Rayonun kəndlərində icra olunan su layihələri də qısa müddətdə yekunlaşıb və kənd sakinləri yüksək keyfiyyətli içməli su ilə təmin ediliblər”.

Açılış mərasimində iştirak edən kənd sakinləri su təminatındakı problemlərin həllinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, "Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin sərəncamına uyğun olaraq, Saatlı rayonunda icra olunan layihələr 7 yaşayış məntəqəsini - Mollavazlı, Bəylər, Əlisoltanlı, Potubəyli, Seyidlər, Qaracalar və Gomuşçu kəndlərini əhatə edib. Kəndləri keyfiyyətli və davamlı içməli su ilə təmin etmək məqsədilə su mənbəyi Kür sutəmizləyici qurğuları-Sabirabad-Saatlı magistral su kəməri seçilib və kəmərdən kəndlərə çıxışlar verilib. Yaşayış məntəqələrində müxtəlif diametrli polietilen borularla ümumi uzunluğu 15,4 km olan su xətləri çəkilərək ümumi istifadə üçün 48 ədəd bulaq quraşdırılıb. Ümumilikdə, yeni su təchizatı layihələrindən Saatlı rayonunun 7 kəndinin 10 min nəfərdən çox sakini faydalanıb.

Xatırladaq ki, “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, 28 rayonun 170 yaşayış məntəqəsində içməli su təchizatı sistemləri yaradılıb. Bu layihələrin icrası nəticəsində həmin kəndlərdə 271 min nəfər içməli su ilə təmin olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti