...

Azərbaycan Səudiyyə Ərəbistanı ilə ticarət və investisiya əməkdaşlığının qurulması üçün prioritetlərini açıqlayıb

İqtisadiyyat Materials 24 Mart 2018 02:51 (UTC +04:00)
Azərbaycan peyk texnologiyası, neft-kimya, neft, qaz, kənd təsərrüfatı və turizm sahələrində Səudiyyə Ərəbistanı ilə əməkdaşlığın qurulmasında maraqlıdır
Azərbaycan Səudiyyə Ərəbistanı ilə ticarət və investisiya əməkdaşlığının qurulması üçün prioritetlərini açıqlayıb

Bakı. Əli Qasımov - Trend:

Azərbaycan peyk texnologiyası, neft-kimya, neft, qaz, kənd təsərrüfatı və turizm sahələrində Səudiyyə Ərəbistanı ilə əməkdaşlığın qurulmasında maraqlıdır.

Trend-in məlumatına görə, bunu "Asharq Al-Awsat" portalına Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Şahin Abdullayev deyib.

O, bildirib: "Azərbaycan iki peyk buraxıb və bu sahədə qabaqcıl səviyyəyə çatıb. Biz peyk üçün ehtiyat hissələrinin qabaqcıl istehsalçılarından biri olmağa çalışırıq".

Səfir qeyd edib ki, Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında siyasi əlaqələr yüksək səviyyədədir və bir neçə sahədə iqtisadi, ticarət və investisiya əməkdaşlığına imkan yaradıb.

Ş.Abdullayev əlavə edib ki, Azərbaycan Krallığa kənd təsərrüfatı məhsulları, xüsusilə, buğda, meyvə və tərəvəzlər, həmçinin bəzi sənaye malları ixrac etməyə hazırdır.

Səfir vurğulayıb ki, Azərbaycanda turizm sahəsi rioritet investisiya və iqtisadi sahələrdən biri hesab olunur və ötən il Azərbaycana Səudiyyə Ərəbistanından 35 000 turist gəlib.

O, qeyd edib ki, Azərbaycan Səudiyyə Ərəbistanı ilə ötən il 17 milyon dollar təşkil edən ticarət dövriyyəsinin həcmini artırmaq istəyir.

Səfir həmçinin investisiya əməkdaşlığını genişləndirmək istəyini diqqətə çatdıraraq bildirib ki, Azərbaycan hökuməti investorlara imtiyazlar verməyə hazırdır və vergilərdə güzəştlər edəcək.

"Asharq Al-Awsat" portalı qeyd edir ki, Şahin Abdullayev Səudiyyə Ərəbistanının ticarət-sənaye palataları Şurasının sədri Əhməd əl-Raci ilə ticarət və investisiya əməkdaşlığının mümkün inkişaf yollarını müzakirə edib. Raci qeyd edib ki, Səudiyyə Ərəbistanının biznes sektoru Azərbaycanın investisiya imkanlarının öyrənilməsində maraqlıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti