Bakı. Trend:
“Sığorta fəaliyyəti haqqında” qanuna əlavə layihəsinin müzakirəsi üzrə Prezident Administrasiyasında görüş keçirilib.
Trend-in məlumatına görə, görüşdə Prezident Administrasiyasının, Maliyyə Bazarlarına Nəzarət Palatasının, Azərbaycan Sığortaçılar Assosiasiyasının, “Meqa Sığorta” Şirkətinin nümayəndələri iştirak edib.
“Sığorta fəaliyyəti haqqında” qanuna “Müvəqqəti İnzibatçılıqla bağlı” dəyişiklik layihəsi görüşdə geniş müzakirə edilib. Sığortaçının maliyyə vəziyyətinin bərpası və sağlamlaşdırılmasını nəzərdə tutan layihə barədə tərəflər öz mövqelərini bildirib və müəyyən maddələrlə bağlı dəyişiklik təklif edilib.
Qanun layihəsinin yenidən müzakirəsi və təklif edilən dəyişikliklərin nəzərə alınması baxımından layihənin Maliyyə Bazarlarına Nəzarət Palatasına (MBNP) təqdim edilməsi qərara alınıb.
Qeyd edək ki, bir müddət öncə “Müvəqqəti İnzibatçılıqla bağlı” dəyişiklik layihəsi Azərbaycan Sığortaçılar Assosiasiyasının Hüquq komitəsində sığortaçılar tərəfindən müzakirə edilib və sığortaçıların layihə ilə bağlı təklifləri Maliyyə Bazarlarına Nəzarət Palatasına ünvanlanıb.