...

İlham Əliyev: Azərbaycan iqtisadi cəhətdən tam müstəqil dövlətdir və məhz buna görə də inamla öz müstəqil siyasətini aparır

İqtisadiyyat Materials 28 May 2018 17:39 (UTC +04:00)
Azərbaycan iqtisadi cəhətdən tam müstəqil dövlətdir və məhz buna görə də inamla öz müstəqil siyasətini aparır.
İlham Əliyev: Azərbaycan iqtisadi cəhətdən tam müstəqil dövlətdir və məhz buna görə də inamla öz müstəqil siyasətini aparır

Bakı. Trend:

Azərbaycan iqtisadi cəhətdən tam müstəqil dövlətdir və məhz buna görə də inamla öz müstəqil siyasətini aparır.

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev Heydər Əliyev Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə təşkil olunan rəsmi qəbulda çıxışı zamanı deyib.

Dövlətimizin başçısı bildirib: "Biz güclü iqtisadiyyat yaratmışıq. Biz təbii resurslarımızdan çox böyük səmərə ilə istifadə etmişik və iqtisadi müstəqillik siyasi müstəqilliyimizin əsas amilidir. İqtisadi müstəqillik olmadan siyasi müstəqillikdən söhbət gedə bilməz. Güclü iqtisadi əsaslar gələcəkdə də imkan verəcək ki, Azərbaycan heç kimdən asılı olmayaraq uğurla inkişaf etsin.

Son 15 il ərzində iqtisadi inkişafımız dünya miqyasında rekord səviyyədədir - Azərbaycan iqtisadiyyatı 3,2 dəfə artmışdır və bu, dünya miqyasında analoqu olmayan inkişafdır. Biz böyük valyuta ehtiyatlarımızı yaratmışıq. Bizim valyuta ehtiyatlarımız ümumi daxili məhsulumuza bərabər səviyyədədir. Bizim xarici borcumuz o səviyyədədir ki, ehtiyatlarımız xarici borcumuzu 4-5 dəfə üstələyir. Yəni, əgər dünyanın iqtisadi xəritəsinə baxsaq görərik ki, belə göstəricilər çox nadir hallarda baş verir. Bunu biz özümüz yaratmışıq, heç bir yerdən kömək, yardım almadan, düşünülmüş siyasət, atılan düzgün addımlar nəticəsində".

İlham Əliyev qeyd edib ki, bu gün Azərbaycan iqtisadi cəhətdən tam müstəqil dövlətdir, heç kimdən asılı deyil və məhz buna görə də inamla öz müstəqil siyasətini aparır:

"Bizim iqtisadi uğurlarımız mötəbər beynəlxalq iqtisadi qurumlar tərəfindən də yüksək qiymətləndirilir. Rəqabətqabiliyyətliliyə görə Azərbaycan dünya miqyasında 35-ci yerdədir, inkişafda olan ölkələr arasında inkişafa görə üçüncü yerdədir. Bunu biz demirik, bunu dünyanın birinci iqtisadi forumu olan Davos İqtisadi Forumu deyir. Yəni, bu güclü iqtisadiyyat imkan verir ki, biz Azərbaycanda istənilən sosial layihəni, infrastruktur layihələrini icra edək və edirik. Azərbaycan sosial dövlətdir. Sosial sahəyə ayrılan diqqət imkan verir ki, bir çox sosial problemlər öz həllini tapsın, o cümlədən sosial infrastrukturla bağlı olan layihələr. Son 15 il ərzində 3 mindən çox məktəb, 600-dən çox tibb ocağı, 40-dan çox Olimpiya mərkəzi tikilib. Bütün bunların təməlində həm bizim siyasətimiz, həm də iqtisadi gücümüz dayanır. Biz təbii resurslarımızı - nefti insan kapitalına çevirmişik. Bu istiqamətdə işlər davam edir və davam edəcəkdir. Biz ölkəmizin müstəqilliyini gücləndirən güclü infrastruktur yaratmışıq. O infrastruktur ki, bundan sonra onilliklər ərzində Azərbaycan xalqına xidmət edəcək. Demək olar ki, bütün əsas infrastruktur layihələrini sıfırdan yaratmışıq.

Biz dənizləri neft–qaz kəmərləri ilə birləşdirdik. Tarixdə ilk dəfə olaraq Xəzər dənizi Qara dənizlə, Aralıq dənizi ilə neft kəmərləri vasitəsilə birləşdi. Bizim təşəbbüsümüzlə Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Supsa neft və qaz kəmərləri inşa edildi".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti