...

BP 2018-ci ilin 3-cü rübünün NƏTİCƏLƏRİNİ açıqlayıb

İqtisadiyyat Materials 21 Noyabr 2018 14:22 (UTC +04:00)
BP 2018-ci ilin 3-cü rübünün nəticələrini açıqlayıb.
BP 2018-ci ilin 3-cü rübünün NƏTİCƏLƏRİNİ açıqlayıb

Bakı. Trend:

BP 2018-ci ilin 3-cü rübünün nəticələrini açıqlayıb.

Şirkətdən Trend-ə verilən məlumata görə, 2018-ci ilin birinci üç rübü ərzində Azəri-Çıraq-Günəşli (AÇG) üzrə fəaliyyətlərə təqribən 367 milyon dollar əməliyyat məsrəfləri və 825 milyon dollar əsaslı məsrəflər xərclənib.

2018-ci ilin 1-ci üç rübündə AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam edib. 9 ay üçün AÇG-dən ümumi hasilat – Çıraq (47 000), Mərkəzi Azəri (156 000), Qərbi Azəri (126 000), Şərqi Azəri (97 000), Dərinsulu Günəşli (105 000) və Qərbi Çıraq (57 000) platformalarından birlikdə – gündə orta hesabla 588 000 barel və ya ümumilikdə təqribən 161 milyon barel, yəni 22 milyon ton olub.

Sentyabr ayının sonunda AÇG-də ümumilikdə 112 neft hasilat quyusu və 53 qaz və su injektor quyusu istismarda olub.

Üç rüb ərzində AÇG-də 8 neft hasilat quyusu və 3 su injektor quyusu qazılıb.

İlin 1-ci üç rübü ərzində AÇG-dən SOCAR-a əsasən Səngəçal terminalı, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 6,6 milyon kubmetr, ümumilkdə isə 1,8 milyard kubmetr səmt qazı verilib. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulub.

2018-ci ilin ilk üç rübü ərzində AÇG və Şahdəniz yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam edib.

Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və Şahdəniz qazı üçün təqribən 55 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 75 milyon standart kubmetrdir.

Üç rüb ərzində terminal üçüncü tərəf həcmləri də daxil olmaqla 211 milyon bareldən çox neft və kondensat, o cümlədən təqribən 189 milyon bareldən çox Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə, 21 milyon bareldən çox Qərb İxrac Boru Kəməri marşrutu vasitəsilə və təqribən 1,2 milyon barelə yaxın ayrıca kondensat ixrac kəməri vasitəsilə ixrac edib. Qaz terminaldan əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK) və terminalın qaz emalı obyektlərini Azəriqazın qazpaylama sistemi ilə birləşdirən SOCAR-a məxsus qaz kəməri ilə ixrac olunur.

Bu ilin doqquz ayı ərzində terminaldan həmçinin gündəlik orta hesabla 28,4 milyon standart kub metr (1003 milyon standart kubfutdan çox) Şahdəniz qazı ixrac edilib.

2018-ci ilin ilk üç rübü ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) üzrə əməliyyat xərclərinə təqribən 87 milyon dollar, əsaslı xərclərə isə təqribən 21 milyon dollar xərclənib.

1768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən 2018-ci ilin 3-cü rübünün sonunadək bu boru kəməri vasitəsilə ümümilikdə 408 milyon tondan artıq (3,1 milyard bareldən artıq) xam neft nəql edilib və Ceyhanda 4001 tankerə yüklənərək dünya bazarlarına göndərilib.

2018-ci ilin üç rübü ərzində isə BTC vasitəsilə 25 milyon tondan çox (təqribən 189 milyon barel) xam neft ixrac olunub və bu neft Ceyhanda 243 tankerə yüklənib.

Hazırda BTC boru kəməri əsasən Azərbaycandan AÇG nefti və Şahdəniz kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan, Rusiya və Qazaxıstan nefti nəql olunur.

2018-ci ilin üç rübü ərzində Şahdəniz üzrə fəaliyyətlərə 418 milyon dollardan çox əməliyyat xərcləri və təqribən 1,14 milyard dollar əsaslı xərclər çəkilib. Əsaslı xərclərin böyük əksəriyyəti Şahdəniz 2 layihəsinə aiddir.

2018-ci ilin üç rübü ərzində Şahdəniz yatağından Azərbaycan (SOCAR-a), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına və çoxsaylı obyektlər üçün BTC şirkətinə qaz çatdırması davam edib.

Doqquz ay ərzində yataqdan 8 milyard standart kubmetr qaz və 1,8 milyon ton (təqribən 14,3 milyon barel) kondensat hasil edilib.

Mövcud Şahdəniz qurğularının hasilat gücü hazırda gündə 43 milyon (ildə təqribən 16 milyard) standart kubmetrdir.

2018-ci ilin 3-cü rübündə Şahdəniz Alfa platformasında SDA11 quyusunun üst tamamlama işləri başa çatdırılıb. Bundan əlavə, SDA04 və SDA05 quyularında texniki bütövlüklə bağlı bəzi qazma əməliyyatları da aparılıb.

İstiqlal qazma qurğusu şərq cinahda SDG04 və SDG02Z quyularına tamamlayıb. Maersk Explorer qurğusu da şərq cinahda SDH02 quyusunda qazma əməliyyatlarını davam etdirir.

Bu iki qurğu Şahdəniz Bravo platformasından hasilat üçün artıq 14 quyu qazıb, bunlardan yatağın şimal cinahında dörd quyu, qərb cinahında dörd quyu və şərq cinahında iki quyu tamamlanıb. Qazma işləri hasilatın planlaşdırılan sabit səviyyəsinə nail olmaq üçün tələb olunan bütün quyuların qazılması istiqamətində davam edəcək.

2018-ci ilin ilk üç rübündə Cənubi Qafqaz Boru Kəməri (CQBK) ilə bağlı fəaliyyətlərə təqribən 27 milyon dollar əməliyyat xərcləri və 308 milyon dollar əsaslı xərclər sərf edilib. Bu boru kəməri 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə Şahdəniz qazını çatdırır. Doqquz ay ərzində CQBK-nin gündəlik orta ötürücülük gücü təqribən 22 milyon kubmetr qaz olub.

CQBK-nın iki operatoru var – BP şirkəti CQBK obyektlərinin tikintisi və istismarı üzrə məsul texniki operator, SOCAR isə CQBK-nın kommersiya əməliyyatları üzrə məsul kommersiya operatorudur.

2018-ci ilin ilk üç rübü ərzində CQBKG üzrə işlər Azərbaycan və Gürcüstanda boru kəməri marşrutu boyunca uğurla davam edib. Hal-hazırda boru kəməri vasitəsilə Türkiyəyə kommersiya daşımaları həyata keçirilir və CQBKG-nin Azərbaycan və Gürcüstan ərazisindəki qurğuları və boru kəməri hissələri ixrac qaz həcmlərini daşıyır.

Eyni zamanda Azərbaycan ərazisində CQBKG-nin mexaniki tamamlanması işləri çədvəli qabaqlamaqla başa çatıb. Gürcüstanda 2-ci kompressor stansiyasının istismar sınaqları plana uyğun irəliləyir. Həmin obyekt bütövlükdə tikinti mərhələsindən istismar sınaqları mərhələsinə keçib.

Abşeron yarımadasının dayazsulu hissəsi üzrə hasilatın pay bölgüsü sazişi ərazisindən əldə edilmiş 3-ölçülü məlumatların interpretasiyası və emalı 2017-ci ilin sonunda yekunlaşıb. SOCAR-la Perspektivlik haqqında bildiriş imzalanmaqla BP-nin Abşeron yarımadasının dayazsulu hissəsində 3 perspektiv ərazidə kəşfiyyat quyuları qazmaq öhdəliyi müəyyən edilib. Seçilmiş perspektiv ərazilərdə kəşfiyyat quyularının qazılması üçün planlaşdırma işləri davam edir.

2018-ci ilin aprel ayında D230 blokunun birgə kəşfiyyatı və işlənməsi haqqında yeni hasilatın pay bölgüsü sazişi imzalandıqdan sonra seysmik tədqiqat proqramı üçün planlar hazırlanmağa başlanıb. Bu sazişin Milli Məclis tərəfindən ratifikasiya olunmasından asılı olmaqla müqavilə sahəsində ilk seysmik tədqiqatın 2019-cu ildə aparılması planlaşdırılır.

Şəfəq-Asiman blokunda ilk kəşfiyyat quyusunun planlaşdırılması işləri də davam etməkdədir.

BP şirkəti bir müddət əvvəl Azərbaycanda mövcud “Qobustan” Hasilatın Pay Bölgüsü Sazişində (HPBS) 61% iştirak payı əldə edib. Bu sövdələşmənin bir hissəsi olaraq, BP həmin müqavilə sahəsində daha dərin layların potensialını qiymətləndirmək məqsədilə bir geoloji-kəşfiyyat quyusu qazacaq və həmin əməliyyatların operatoru olacaq. Quyunun 2019-cu ilin ikinci yarısında qazılması planlaşdırılır.

2018-ci ilin 3-cü rübünün sonuna BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2557 nəfər olub və bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir. Bu, şirkətin Azərbaycanda ixtisaslı işçilərinin 90%-ni təşkil edir və bu işçilərin də çoxu rəhbər vəzifələrdədir.

2014-cü ildən bəri BP-nin 2018-ci ilin sonunadək ixtisaslı işçilərinin 90%-ni milli kadrlar təşkil edəcəyi barədə öhdəliyi var idi. BP çox məmnundur ki, bu öhdəlik artıq yerinə yetirilib. Şirkət öz yerli işçilərinin inkişafına dəstək verməklə onların ixtisaslı işçi tələb edən vəzifələrin əksəriyyətində xarici vətəndaşları əvəz etməsinə nail olub. İxtisası olmayan işçilər isə 100% yerli vətəndaşlardan ibarətdir.

BP öz təlim və inkişaf proqramlarını daha da optimallaşdırmaq, yüksək səviyyəli kadrlar üzrə yerli bazarı daha da yaxşılaşdırmaq məqsədilə dövlət və özəl sektorun təşəbbüslərində yaxından iştirak etmək səylərini davam etdirəcək.

Xəzərdəki layihələrin uğuru həm də əməliyyatçının regiondakı ölkələrin əhalisi üçün bu layihələr vasitəsilə hiss edilən faydalar yaratmaq bacarığından asılıdır. Buna nail olmaq üçün BP və tərəfdaşları mühüm sosial investisiya layihələri həyata keçirməyə davam edir. Bu layihələrə təhsil proqramları, yerli icmalarda bacarıq və qabiliyyətlərin yaradılması vasitəsilə yeni inkanların açılması, icmalarda sosial infrastrukturun təkmilləşdirilməsi, maliyyə vəsaitlərinə çıxışın təmin edilməsi və təlim vasitəsilə yerli müəssisələrə dəstək, mədəni irs və idmanın inkişafına dəstək, eləcə də hökumət qurumlarına texniki yardım daxildir.

2018-ci ilin 1-ci yarısında BP və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları belə sosial investisiya layihələrinə təkcə Azərbaycanda 3.3 milyon dollar xərcləyiblər.

Ölkə iqtisadiyyatının güclənməsinə kömək etmək məqsədilə BP (özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) Azərbaycanın hər yerində yerli bacarıqların yaradılmasını və sahibkarlığın inkişafını dəstəkləyən sosial investisiya layihələrini davam etdirəcək.

Bu qəbildən Azərbaycanda hazırda həyata keçirilən layihələrdən bəziləri bunlardır:

• BP və tərəfdaşlarının “Əlilliyi olan şəxslərin məşğulluq imkanlarının artırılmasına dəstək” proqramı hazırda davam edir. Bu layihə Azərbaycanda əlilliyi olan şəxslərin bacarıq və səriştələrini inkişaf etdirməyi nəzərdə tutur. Layihədə iştirak üçün seçilmiş təqribən 100 nəfər təlimlər və digər xüsusi fəaliyyətlər vasitəsilə öz məşğulluq imkanlarını artıracaq.

• BP-nin (özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) Azərbaycanda kənd təsərrüfatı üzrə peşə təhsilinin gücləndirilməsinə dəstək məqsədilə Təhsil Nazirliyi ilə 2016-cı ilin sentyabr ayında başladığı yeni tərəfdaşlıq. Bu tərəfdaşlıq çərçivəsində BP və onun tərəfdaşları Azərbaycanda kənd təsərrüfatı üzrə peşə təhsili bazasının gücləndirilməsinə dəstək verirlər. Layihə nəticəsində kənd təsərrüfatı sahəsində dörd yeni peşə və ixtisas üçün (bitkiçilik mütəxəssisi, aqroservis mütəxəssisi, meyvə ustası, tərəvəz ustası) 19 təlim modulu yaradılıb və bunun da ölkənin kənd təsərrüfatı sektorunda səmərəliliyi artırmaq planlarına kömək edəcəyi gözlənilir. Layihədə həmçinin bütün yeni yaradılan peşələr üzrə dərsliklərin və tədris materiallarının hazırlanması da nəzərdə tutulur.

• BP-nin (özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) həyata keçirdiyi “Sahibkarlığın İnkişafı Proqramı” (SİP) milyonlarla dollar dəyərində layihədir və yerli sahibkarlığı dəstəkləmək məqsədi daşıyır. Proqram Azərbaycandakı müqavilələrdə yerli resursların iştirakını artırmaq və yerli iqtisadiyyatın sağlam və şəffaf inkişafına dəstək vermək səylərinin bir hissəsidir.

• BP (özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) orta məktəblərdə informasiya texnolgiyası (İT) tədrisinin gücləndirilməsi və bu sahədə bilik və bacarıqların yaradılması səylərinə dəstək verir. Bu 3-illik təşəbbüs çərçivəsində Təhsil Nazirliyi ilə əməkdaşlıqda İT təmayüllü məktəblər üçün kurikulum hazırlanacaq. Bundan əlavə, yeni kurikulumun pilot tətbiqinə başlamaq üçün 25 seçilmiş Bakı məktəbini təmsil edən 50 müəllimə xüsusi təlimlər də keçilir.

• BP (özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) 2016-cı ilin sentyabrında “Gələcəyini qur” layihəsini həyata keçirməyə başlayıb. Bu layihədə məqsəd az təminatlı ailələrdən seçilmiş bir qrup 11-ci sinif şagirdinin ali məktəblərin qəbul imtahanlarına hazırlaşmasına dəstək verməkdir. Layihə üzrə fəaliyyət iki komponentdən ibarətdir – akademik biliklər vermək və sosial inteqrasiya. Bu günədək layihənin iki uğurlu fazası olub və iştirakçıların təqribən 85%-i ali məktəblərə daxil olub. Bu uğurlu nəticəyə əsaslanaraq layihə 3-cü fazaya keçib.

• BP (özünün əməliyyatçısı olduğu Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG) layihəsindəki tərəfdaşları adından) 2016-cı ildə boru kəməri marşrutu boyunca yerləşən beş bölgədə - Goranboy, Samux, Şəmkir, Tovuz və Ağstafa rayonlarında, icmaların bacarıq və bilgilərinin artırılmasına yönəlmiş pilot layihəyə başlayıb. Layihə icmalarda ingilis dilinin tədrisi keyfiyyətini artırmaq üçün nəzərdə tutulub. Pilot mərhələnin uğurlu olması layihənin müddətinin boru kəmərləri boyunca 11 bölgədən olan 165 müəllim və 480 icma nümayəndəsinı əhatə etməklə uzadılmasına imkan verib.

• BP (özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) ilə əməkdaşlıq edərək bacarıq və biliklərin artırılması və texniki dəstək vasitəsi ilə miqrasiya strategiyalarının, siyasətinin və qanunvericiliyinin səmərəli şəkildə həyata keçirilməsi məqsədilə beynəlxalq qabaqcıl təcrübələrin ölkəyə gətirilməsi layihəsinə dəstək verir. Layihədən viza məsələləri ilə məşğul olan dövlət idarələri yararlanır. Bugünədək layihə çərçivəsində ilk elektron xidmət açılmış və Xarici İşlər Nazirliyi üçün Konsulluq İstinad Kitabçası hazırlanaraq təqdim olunub. Bundan əlavə, böyük bir qrup konsulluq işçisinə iş bilgilərini artırmaq məqsədli təlimlər də keçirilib.

• BP (Cənubi Qafqaz Boru Kəməri Şirkətindəki tərəfdaşları adından) boru kəməri marşrutu boyunca yerləşən və bir sıra digər bölgələr daxil olmaqla 13 rayonda – Hacıqabul, Kürdəmir, Ağdaş, Ucar, Yevlax, Samux, Goranboy, Şəmkir, Tovuz, Ağstafa, Ağsu, Qobustan və Şirvan rayonlarında, erkən müdaxilə xidmətlərinin yaradılması üzrə layihə həyata keçirir. Layihənin məqsədi bu bölgələrdə Erkən Müdaxilə Mərkəzləri yaratmaqla uşaqların inkişafı prosesində erkən müdaxilənin əhəmiyyəti barədə həm icmanın, həm də səhiyyə sektorunun məlumatlılığını artırmaqdır.

• BP (Cənubi Qafqaz Boru Kəməri Şirkətindəki tərəfdaşları adından) boru kəməri marşrutu boyunca yerləşən Ucar, Yevlax, Samux və Şəmkir bölgələrində 200 icma üzvünü əhatə edən iki yeni gəlir imkanları yaradılması layihəsi həyata keçirir. 2017-ci ilin dekabr ayında “Şirin qızıl” adlanan layihənin BP-nin əməliyyatçısı olduğu boru kəmərləri boyunca yerləşən digər bölgələrdən seçilən daha 600 nəfər icma üzvünü əhatə edən əlavə 3 il müddətinə uzadılıb.

• BP (Azərbaycanda özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) qonşu icmalarda ətraf mühit şəraitinin yaxşılaşdırılması məqsədli “Yaşıl Səngəçal” adlı yeni ətraf mühitlə bağlı layihəni dəstəkləyir. Layihə çərçivəsində yaşayış sahələrində təmizlənib abadlaşdırıldıqdan sonra idman avadanlıqları ilə təchiz olunmuş yaşıl həyətlərin salınması planlaşdırılır.

• BP (Azərbaycanda özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) Xəzər sahilyanı dövlətləri arasında informasiya bölüşümünü təmin etmək və Xəzər höfzəsinin ətraf mühitinin qorunması üzrə məlumat bazasının yaradılması sahəsində əməkdaşlığın yaxşılaşdırılmasına kömək məqsədli Xəzər Ətraf Mühit üzrə Məlumat Mərkəzinin yaradılmasını dəstəkləyir. Bu məqsədlə ətraf mühit üzrə məlumatın yığılmasını, ətraf mühit məsələlərinin idarə olunması üzrə ən yaxşı təcrübələrin bölüşülməsini, ətraf mühit üzrə daim yenilənmiş regional məlumata geniş çıxışı, əsas maraqlı tərəflər ilə şəffaflığı və əlaqələri təmin etmək və ətraf mühit üzrə regional fəaliyyətlərdə ictimaiyyətin iştirakını həvəsləndirmək üçün onlayn portal yaradılıb.

• BP əməkdaşlarının Bakı Ali Neft Məktəbində biznes mühazirələri təşəbbüsü Azərbaycanda yerli neft-qaz mühəndislərinin inkişafına dəstək məqsədi daşıyır. Layihə çərçivəsində BP-nin aparıcı mütəxəssisləri və rəhbər işçiləri bu ali məktəbdə silsilə mühazirələr və təqdimatlar keçirir, öz təcrübələrini bölüşür və BP-nin əməliyyatları, texnoligiyaları, iş prosesləri və mexanizmləri barədə məlumat verirlər. Bundan əlavə, BP həmin ali məktəbdə innovativ bir təlim proqramını da maliyyələşdirir. “Mühəndislər üçün biznes təhsili” adlanan bu proqram yerli mühəndislərə universitet təhsilindən rahat şəkildə biznes karyerasına keçməyə kömək edəcək. Bu proqram 5-ci kurs tələbələri üçün nəzərdə tutulub və idarəçilik və biznes sahəsində geniş bilgilər vermək məqsədi daşıyır.

• BP Azərbaycan Milli Olimpiya və Paralimpiya Komitələri ilə tərəfdaşlıq edərək idmanın inkişafına davamlı dəstək verir. Bu tərəfdaşlığın bir hissəsi olaraq BP bir sıra inkişaf və bacarıqların yaradılması proqramlarını maliyyələşdirir və bir qrup milli idmançıya dəstək verir. 2016-cı ildə BP şirkəti Azərbaycanın milli yığmalarına, hər iki milli komitəyə və yeddi seçilmiş milli idmançıya dəstəyini 2020-ci ilədək davam etdirmək məqsədilə öz tərəfdaşlıq müqaviləsini uzadıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti