...

Azərbaycanda ilk dəfə “İnnovasiya Festivalı” keçiriləcək (FOTO/VİDEO)

İqtisadiyyat Materials 14 May 2019 14:38 (UTC +04:00)
Azərbaycanda ilk dəfə “İnnovasiya Festivalı” keçiriləcək
Azərbaycanda ilk dəfə “İnnovasiya Festivalı” keçiriləcək (FOTO/VİDEO)

Bakı. Trend:

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə Gənclər və İdman, Təhsil nazirlikləri, Heydər Əliyev Mərkəzi, Azərbaycan Gənclər Fondu, BMT-nin İnkişaf Proqramı, ABŞ-ın Azərbaycandakı səfirliyi və “Azercell” şirkəti ilə birgə “İnnovasiya Festivalı” (İnnoFest) keçiriləcək.

Nazirlikdən Trend-ə verilən məlumata görə, “İnnoFest” çərçivəsində qlobal təşkilatların, şirkətlərin və nüfuzlu şəxslərin iştirakı ilə sammit və forumlar, robotexnika yarışları, kiber idman turnirləri, innovasiya, startap müsabiqələri, sərgilər, texnopartilər təşkil ediləcək.

Beləliklə, hər il Avropa, Yaxın Şərq və MDB olmaqla, üç regionda keçirilən “Monex Summit” tədbiri bu il 30 may-1 iyun tarixlərində Bakıda keçiriləcək. Tədbirdə 300-dən çox yerli və xarici şirkət, 70-dən artıq natiq və 50-dək ölkədən nümayəndə, “fintech” və bank sənayesinin ən mühüm liderləri iştirak edəcək. İki gün davam edəcək tədbirdə “fintech” liderlər, “C-level” təmsilçilər, Azərbaycan, Türkiyə, Rusiya, Qazaxıstan, Ukrayna, Gürcüstan və Şərqi Avropanın nəhəng banklarından olan ekspertlər Bakıda təcrübə mübadiləsi aparacaq.

Cari il mayın 31-dən iyunun 3-dək ölkəmizdə ilk Azərbaycan Gənclər İnternet İdarəçilik Forumu keçiriləcək. Forumun təşkilində əsas məqsəd Azərbaycan və region ölkələri gənclərini bir araya toplayaraq rəqəmli sahə üzrə inkişaf tendensiyalarının müzakirə və şərh edilməsidir. 3 gün davam edəcək tədbirə müxtəlif ölkələrdən, əsasən 17-29 yaş arası gənclər qatılacaq.

29-30 mayda Bakıda “Şərq tərəfdaşlığı” ölkələrinin “Rəqəmli bazarların uyğunlaşdırılması” (HDM) təşəbbüsü çərçivəsində 4-cü “ICT innovation and startup ecosystems” istiqaməti üzrə növbəti seminar keçiriləcək.

Nazirlik yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun dəstəyi və təşəbbüsü ilə cari ilin 3 iyun tarixində “Made in Azerbaijan: İnnovasiyalar və Texnologiyalar” Forumu (MAİNTECH – 2019) keçiriləcək.

Tədbirin keçirilməsində əsas məqsəd innovativ və texnoloji məhsul və xidmətlərin daha geniş tanıdılması və onların ixracına dəstək olmaqdır.

“Azərmarka” MMC tərəfindən keçirilən Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Gələcək” mövzusunda rəsm müsabiqəsinin qalibləri də “İnnoFest Village”də elan ediləcək.

Bakının ali təhsil müəssisələrini əhatə edən "İdeyadan Biznesə" layihəsi çərçivəsində 3 günlük startap müsabiqəsinin nəticələri də “İnnoFest” çərçivəsində Heydər Əliyev Mərkəzində keçirilən Bakı Finalında bəlli olacaq.

4 iyunda Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi, Azərbaycan Robototexnika Mühəndisliyi Akademiyası və “Gənclərin Təhsil, Təlim, Peşə və İnkişaf Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı ilə 8-19 yaşlı yeniyetmə və gənclər arasında Azərbaycanda III Robot Olimpiadası keçiriləcək.

Bundan başqa, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və “RoboPark”ın tərəfdaşlığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan Robotexnika Mühəndislik Akademiyası (AREA) tərəfindən Heydər Əliyev Mərkəzində Beynəlxalq Dron Olimpiadasının Azərbaycan finalı (DronTech) keçiriləcək.

"İnnovasiya Festivalı" çərçivəsində “Baku Open Cyber Cup” kiber idman turniri də təşkil ediləcək.

1 iyunda Azərbaycan Kiber İdman Federasiyası tərəfindən keçiriləcək turnirdə “playstation” platformasında iki oyun növü “PES 2019” üzrə yarışlar təşkil olunacaq.

ABŞ-ın Azərbaycandakı səfirliyi və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Mars Academy”nin dəstəyi ilə Bakıda ilk dəfə “TechFest” keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti