...

“Saxta və kontrafakt məhsullara qarşı mübarizə strategiyası və məhsulun identifikasiyası” mövzusunda seminar keçirilib (FOTO)

İqtisadiyyat Materials 29 Oktyabr 2019 16:57 (UTC +04:00)
Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində seminar keçirilib.
“Saxta və kontrafakt məhsullara qarşı mübarizə strategiyası və məhsulun identifikasiyası” mövzusunda seminar keçirilib (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində “Saxta və kontrafakt məhsullara qarşı mübarizə strategiyası və məhsulların identifikasiyası” mövzusunda gömrük əməkdaşları üçün seminar keçirilib.

Dövlət Gömrük Komitəsindən (DGK) Trend-ə verilən məlumata görə, seminarda DGK Akademiyasının rəisi Qulu Novruzov, REACT-ın Şimal-Şərqi Avropa və Orta Asiya regional direktoru Kazimieras Sarzickas, REACT-ın Azərbaycandakı nümayəndəsi Nəriman Ramazanov, xarici şirkətlərin nümayəndələri və gömrük əməkdaşları iştirak edib.

Seminarın açılışında DGK-nin Akademiyasının rəisi Qulu Novruzov bildirib ki, seminarın əsas məqsədi saxta malların müəyyən olunması və onlara qarşı mübarizə aparılması ilə bağlı gömrük əməkdaşlarını maarifləndirməkdir.

Saxta və kontrafakt məhsulların müəyyən olunmasının DGK-nin əsas fəaliyyət istiqamətlərindən biri olduğunu deyən Akademiyanın rəisi qeyd edib ki, gömrük xidməti təhlükəsizlik, fiskal fəaliyyət sahələri ilə yanaşı, saxta məhsullara, onların dövriyyəsinə qarşı da ciddi mübarizə aparır.

Q.Novruzov seminarın mövzusunun tək Azərbaycan üçün deyil, dünyanın inkişaf etmiş ölkələrində də ciddi problem olaraq qaldığını iştirakçıların diqqətinə çatdırıb, bu vaxtadək DGK-nin REACT-la sıx əməkdaşlıq etdiyini, gələcəkdə də bu istiqamətdə müxtəlif təlimlərin təşkil ediləcəyini xüsusilə vurğulayıb. Akademiya rəisi çıxışının sonunda məhsulun identifikasiyasına dair texniki detalların öyrənilməsini və iş prosesində tətbiqi ilə bağlı gömrük xidməti əməkdaşlarına maksimum faydalanmağı tövsiyə edib, seminarın işinə uğurlar arzulayıb.

REACT-ın Azərbaycandakı nümayəndəsi Nəriman Ramazanov çıxışında təmsil etdiyi qeyri-hökumət təşkilatı haqqında ətraflı məlumat verərək bildirib ki, seminarda REACT- üzvü olan 14 xarici şirkətin nümayəndəsi iştirak edir, onlar orijinal məhsullarla saxta nümunələr arasındakı fərqi göstərməklə yanaşı, məhsulların identifikasiyası ilə bağlı təqdimatla çıxış edəcəklər.

REACT-ın Şimal-Şərqi Avropa və Orta Asiya regional direktoru Kazimieras Sarzickas seminarın önəmindən bəhs edərək saxta mallara, kontrafakt məhsullara qarşı mübarizə strategiyası ilə bağlı geniş məlumat verib.

Daha sonra xarici şirkətlərin nümayəndələri təqdimatla çıxış ediblər.

Seminarda əsasən “Azərbaycana idxal olunan məhşur şirkətlərin əmtəə nişanlarının qeyri-qanuni istifadəsi”, “saxta malların ölkəmizə daxil olmasının qarşısının alınması”, “saxtalaşdırma nümunələri”, “gizli qoruyucu nişanlar”, “saxta məhsullarla orijinal məhsulu necə fərqləndirmək olar” və s. mövzularda müzakirələr aparılıb.

Seminarda gömrükçüləri maraqlandıran suallar ətraflı cavablandırıb. Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti