...

İşğaldan azad olunmuş ərazilərdə yol infrastrukturu necə olacaq? - RƏSMİ

İqtisadiyyat Materials 26 Noyabr 2020 09:09 (UTC +04:00)

Bakı. Sədrəddin Ağcayev - Trend:

İşğal altında olmuş həm respublika, həm də yerli əhəmiyyətli bütün yollar (2661 kilometr) tam təmir olunacaq və tikiləcək.

Bunu Trend-ə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

Onun sözlərinə görə, Ağdam istiqamətində heç bir yol-tikinti işi aparılmır, yalnız Ağdama aparan yolun bir hissəsi təmir edilib:

"Azad edilmiş ərazilər üzrə yol təmiri sahəsində layihələr tamamilə yeni yolların tikintisini əhatə edir".

O əlavə edib ki, indi işğaldan azad edilmiş bəzi rayonlarda yol infrastrukturunun bərpası üzrə layihələr hazırlanır:

“Bu gün Azərbaycan Prezidentinin tapşırığına əsasən, agentliyimiz Suqovuşana, Suqovuşandan Talış kəndinədək yolun, eləcə də Füzuli-Şuşa yolunun tikintisi ilə məşğuldur. Agentliyimiz Prezidentin bütün tapşırıqlarını yerinə yetirməyə həm mənəvi, həm də fiziki cəhətdən hazırdır”.

Mətbuat xidmətinin rəhbəri azad edilmiş ərazilərə aparan R19, R29, R33 respublika əhəmiyyətli yolları xüsusi qeyd edib:

“Gəncədən Kəlbəcər və Laçına R19 yolu çəkilir. R29 respublika əhəmiyyətli yolu Bərdədən Tərtərə, Tərtərdən Kəlbəcərə çəkilir. Bu yollar tamamilə rekonstruksiya olunacaq.

Daha bir respublika əhəmiyyətli yol, R33 Ağcabədidən başlayır və Hindarx-Ağdam marşrutu ilə davam edir. Bu yolun Ağcabədi-Hindarx hissəsi ötən il rekonstruksiya edilib, Hindarx-Ağdam hissəsi də bərpa ediləcək”.

A.Nəcəfli bildirib ki, Hacıqabul-Bəhramtəpə-Horadiz-Mincivan-Ermənistan magistral yolunun tikintisi nəzərdə tutulur:

"Bu yoluna Hacıqabul-Bəhramtəpə-Horadiz hissəsi rekonstruksiya edilib, Horadiz-Mincivan-Ermənistan hissəsi sıfırdan inşa olunacaq. Hazırda Agentlik Horadiz-Mincivan-Ermənistan sərhədi hissəsi ilə bağlı plan hazırlayır və bu plan digər dövlət strukturları ilə razılaşdırılmalıdır. Plan təsdiq olunan Agentlik onun icrasına başlayacaq."

O əlavə edib ki, bu yol vasitəsilə Cəbrayıl, Qubadlı və Laçın rayonlarına da getmək mümkün olacaq:

"Biz bütün qeyd olunanları azad edilmiş ərazilərin infrastrukturunun bərpası üzrə kompleks tədbirlər kimi nəzərdən keçiririk".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti