...

Bütün yollar Qarabağa aparır: İnfrastruktur sürətlə qurulur

İqtisadiyyat Materials 5 Sentyabr 2021 00:01 (UTC +04:00)

Bakı. Alpər Ziya - Trend:

Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsi ilə Qarabağı və ətraf rayonları erməni işğalından azad etdi. Bununla öz ərazi bütövlüyünü təmin edən Azərbaycanın hazırda qarşısında duran ən mühüm vəzifə işğaldan azad olunan ərazilərin yenidən qurulması və dirçəldilməsidir. Bu istiqamətdə artıq mühüm layihələrin icrasına başlanılıb. Təbii olaraq, hər şeydən öncə yol infrastrukturunun yaradılması qarşıya qoyulan əsas vəzifələrdən biridir.

Bu mənada, Azərbaycanın dövlət başçısının işğaldan azad olunan ərazilərə hər səfərində hansısa strateji əhəmiyyətli yolun və ya hava limanının təməli qoyulur. Misal üçün, Prezident İlham Əliyev cari il yanvarın 14-də işğaldan azad olunan Füzuli rayonuna səfəri çərçivəsində Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun, həmçinin Füzuli rayonunda hava limanının təməllərini qoydu.

Füzuli-Şuşa yolunun yeni işlənmiş layihəsinə körpü və tunellərin inşası daxildir. Çətin relyefə malik olan ərazilərdə dolama yolların yerinə körpü və tunellərin tikintisi nəzərdə tutulur. Yeni yol Füzuli hava limanı ilə əlaqələndiriləcək və bu yoldan İsa bulağına da yeni yol çəkiləcək.

Həmçinin, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən fevralın 14-də təməli qoyulan Horadiz-Ağbənd dəmir yolunu qeyd etmək olar. Xəttinin ümumi uzunluğu 100 kilometr olan bu dəmir yolunun strateji əhəmiyyəti olduqca böyükdür. Çünki bu nəqliyyat infrastrukturu Azərbaycan vətəndaşlarının azad olunmuş torpaqlara gediş-gəlişinin təminatında əhəmiyyətli rol oynayacaq və ən mühüm məsələ Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa dəmir yolu nəqliyyat əlaqəsinin yaranmasına böyük töhfə verəcək.

Bundan başqa, Qarabağda Füzuli-Hadrut, Zəngilan-Horadiz, eləcə də Bərdə-Ağdam avtomobil yollarının artıq təməlləri qoyulub. Həmçinin, Laçın şəhərinə daxil olmadan yeni alternativ avtomobil yolu çəkilir. Bu yolun uzunluğu təxminən 80 kilometr olacaq...

Azərbaycan Prezidenti İlham Əliyev avqustun 29-da Əhmədbəyli-Füzuli-Şuşa Zəfər yolunda son tamamlama işləri ilə tanış olarkən məlumat verildi ki, Zəfər yolunun tikintisi artıq başa çatmaq üzrədir. İki-üç hərəkət zolaqlı yolun uzunluğu 101 kilometrdir. Artıq yolun 92 kilometrlik hissəsinə asfalt-beton örtüyü salınıb. Digər hissələrdə isə işlər davam etdirilir. Yolda körpülər və yeraltı keçidlər inşa edilib.

“Zəfər yolu” Qarabağın inkişaf planı nəzərə alınmaqla 2-ci texniki dərəcəyə uyğun inşa edilir. Başlanğıcını Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürməklə “Zəfər yolu” Qarabağımızın tacı olan Şuşa şəhərinə qədər uzanır.

Yeni inşa edilən yol boyunca layihəyə uyğun 4 yeni avtomobil körpüsünün inşası yekunlaşdırılıb. Körpülərin uzunluqları 45, 80 və 90 metr olmaqla yolun 26.9-cu, 37.2-ci, 37.5 və 57.3-cü kilometrlik hissələrində inşa edilib. Bununla da bu avtomobil yolu ilə rahat gediş-gəliş təmin olunub.

Azərbaycan Prezidenti İlham Əliyev avqustun 30-da Şuşada Vaqif Poeziya Günlərinin rəsmi açılışında çıxışı zamanı dedi: “Şuşanın bərpası yanvarın 14-dən başlanmışdır və qısa müddət ərzində böyük işlər görüldü. İlk növbədə, yol çəkildi. İndi gəldiyiniz Zəfər yolu nə vəziyyətdə idi biz onu yanvarın 14-də gördük. Biz Füzulidən təqribən iki saat yarıma-üç saata gəldik. Şaxtalı, qarlı hava idi, yol da yox idi, bir cığır idi, üstü buz, palçıq. İndi isə artıq asfalt yol tikilib və bu, elə Zəfər yoludur. Magistral yol da çəkilir. Füzuli şəhərindən tunellər daxil olmaqla, magistral yol tikilir, daha qısa yol olacaq...”.

Onu da qeyd edək ki, bu günlərdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Qarabağ və Şərqi Zəngəzurda çəkilən avtomobil yollarının xəritəsini açıqlayıb. Xəritə ümumi uzunluğu 665,4 km olan və hazırda tikilən 10 əsas avtomobil yolunu əhatə edir. Bundan əlavə, xəritəyə tikintisi nəzərdə tutulan, lakin uzunluğu qeyd olunmayan avtomobil yolları da daxildir.

Məlumata görə, hazırda 101 kilometrlik Zəfər yolunun tikintisi ilə yanaşı 81,6 Əhmədbəyli-Füzuli-Şuşa, 80,7 kilometrlik Toğanalı-Kəlbəcər-İstisu, 72,3 kilometrlik Kəlbəcər-Laçın, 123,8 kilometrlik Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd yollarının tikintisi davam etdirilir.

Həmçinin, 22 kilometrlik Talış-Tapqaraqoyunlu-Qaşaltı, 83 kilometrlik Xudafərin-Qubadlı-Laçın, 43 kilometrlik Şükürbəyli-Cəbrayıl-Hadrut, 13 kilometrlik Füzuli-Hadrut və 45 kilometrlik Bərdə-Ağdam avtomobil yolları tikilməkdədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti