...

Xəzəryanı ölkələrin dövlət başçılarının zirvə toplantısı iqtisadi cəhətdən böyük əhəmiyyət kəsb edir - İranlı ekspertlərin rəyi

İqtisadiyyat Materials 29 İyun 2022 08:30 (UTC +04:00)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Türkmənistan paytaxtı Aşqabadda 5 Xəzəryanı ölkənin (Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan və İran) dövlət başçılarının zirvə toplantısı keçiriləcək. Zirvə toplantısında əməkdaşlıq və təhlükəsizlik məsələləri müzakirə ediləcək.

İranın Azərbaycandakı sabiq səfiri Möhsün Pakayin Trend-ə açıqlamasında bildirib ki, Xəzəryanı ölkələrin dövlət başçılarının Aşqabad sammiti və sammit çərçivəsində ikitərəfli və çox tərəfli görüşlərin keçirilməsi 5 ölkənin ticarət, tranzit, enerji, kənd təsərrüfatı və turizm sahələrində inkişaf etməsi öz töhfəsini verəcək.

“Bu görüşlər Xəzər dənizində 5 ölkənin limanları vasitəsi ilə dəniz nəqliyyatının daha da inkişaf etməsinə öz töhfəsini verəcək. Həmçinin dəmiryolu xətləri vasitəsi ilə qeyd olunan ölkələr arasında yükdaşımaları da artırmaq mümkündür.

Xəzəryanı ölkələrin özəl sektorları arasında əməkdaşlığın inkişaf etdirilməsi, lazımi dəstəyin göstərilməsi, rüsumların azaldılması iqtisadi əlaqələrin daha da inkişaf etməsinə köməklik göstərə bilər”, - deyə o qeyd edib.

İran parlamentinin sabiq deputatı Qulaməli Cəfərzadə isə Trend-ə açıqlamasında bildirib ki, Xəzəryanı ölkələrin dövlət başçılarının Aşqabad sammiti müxtəlif sahələrdə əlaqələrin daha da inkişaf etməsinə köməklik göstərə bilər.

“Bu sammiti müxtəlif cəhətlərdən, o cümlədən iqtisadi, tranzit, enerji, yükdaşıma və digər tərəflərdən müsbət dəyərləndirmək mümkündür. Xəzəryanı ölkələr mövcud imkanlardan istifadə edərək bu əlaqələri daha da möhkəmləndirə bilərlər.

Bu da həmin ölkələrin, ümumilikdə bölgənin inkişafı ilə nəticələnə bilər. Xəzəryanı ölkələrin dövlət başçılarının sammitində Xəzər dənizində su səviyyəsinin azalması və ekoloji problemlərin aradan qaldırılması diqqətdə mərkəzində dura və bu istiqamətdə müvafiq addımlar atıla bilər”, - deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti