Bakı. Trend:
Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti” layihəsinin “Kommunal xidmətlərə (Su təchizatı şəbəkəsinə) qoşulma” indikatoru ilə bağlı təkmilləşmələrin həyata keçirilməsinə dair 2022-2023-cü illər üzrə Yol Xəritəsinin icrasını təmin etmək məqsədilə “Azərsu” Açıq Səhmdar Cəmiyyəti (ASC) tərəfindən bir sıra tədbirlər həyata keçirilib.
ASC-dən Trend-ə bildirilib ki, su təchizatı və kanalizasiya
sistemlərinə qoşulma üçün prosedurların minimuma endirilməsi, vaxt
limitlərinin idarə edilməsi və elektronlaşdırılması məqsədilə
"Tikinti obyektlərinin su təchizatı və tullantı suların axıdılması
sistemlərinə qoşulması" üzrə yeni qaydalar layihəsi hazırlanaraq
təsdiq edilməsi üçün Nazirlər Kabinetinə təqdim olunub.
Su təchizatı və kanalizasiya sistemlərinə qoşulma üçün bütün zəruri
sənədlərin onlayn şəkildə bir platforma üzərindən əldə edilməsi
üçün aidiyyəti dövlət qurumlarına müraciət ünvanlanıb.
Su təchizatı və kanalizasiya sistemlərinə qoşulma üzrə
müraciətlərin "ASAN Xidmət" və "ASAN Kommunal" mərkəzləri, KOB
evləri vasitəsilə qəbul edilməsi, yekun sənədlərin həmin mərkəzlər
vasitəsilə vahid pəncərə prinsipi əsasında təqdim edilməsi təmin
olunub.
Yol Xəritəsində nəzərdə tutulan tədbirlərin icrasında səmərəliliyin
artırılması məqsədilə “Azərsu” ASC-nin idarəetmə strukturunda
dəyişikliklər edilib. “ASAN Kommunal” mərkəzləri ilə çevik
əlaqələndirmə və koordinasiyanın aparılması üçün Strateji inkişaf
və Asan Mərkəzlərlə işin təşkili departamenti yaradılıb. İstehlakçı
hüquqlarının qorunması, müraciətlərə baxılması və nəzarətdə
saxlanılması məqsədilə Şikayət və müraciətlərin araşdırılması
şöbəsi yenidən təşkil edilib, su ilə bağlı ekoloji məsələlər üzrə
Ekologiya şöbəsi yaradılıb.
Yol Xəritəsində nəzərdə tutulan tədbirlər barədə məlumat əlçatanlığının artırılması, ictimaiyyətin maarifləndirilməsi məqsədilə “Azərsu” ASC-nin internet səhifəsinin funksionallığı artırılıb və saytda “Su təchizatı şəbəkəsinə qoşulma”, su təchizatı sistemlərində aparılacaq planlı təmir işləri ilə əlaqədar yarana biləcək fasilələrlə bağlı istehlakçıların öncədən məlumatlandırılması məqsədilə "Su təchizatında fasilə" bölmələri yaradılıb.
“Azərsu” ASC-nin internet səhifəsinin funksionallığının artırılması, su təchizatı və kanalizasiya sistemlərinə qoşulma üçün zəruri sənədlərin onlayn şəkildə bir platforma üzərindən əldə edilməsi digər qurumların sistemlərinə inteqrasiyasının təmin olunması istiqamətində işlər isə davam etirilir.