...

Azərbaycanda köhnə avtomobillər bahalaşdı

İqtisadiyyat Materials 1 May 2023 16:17 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Yaşı 10 ildən çox olan minik avtomobillərinin Azərbaycan ərazisinə gətirilməsi ilə bağlı qərar 29 aprel tarixindən qüvvəyə minib.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən nəqliyyat sahəsi üzrə ekspert Eldəniz Cəfər bildirib ki, artıq ölkədə yaşı 10 ildən çox olan minik avtomobillərinin qiyməti bahalaşıb.

"Biz proqnozlaşdırmışdıq ki, köhnə avtomobillər may ayının 15-dən sonra bahalaşacaq. Lakin bahalaşma daha tez baş verdi. Bu bahalaşmanı sürətləndirən amillər var. Səbəblərdən biri Gürcüstanın Poti limanından ölkəmizə avtomobil daşınmalarını həyata keçirən şirkətlərin qiymətləri təxminən 50% civarında bahalaşdırmasıdır. Bu hal ölkəmizə idxal olunan köhnə avtomobillərin qiymətlərinin artmasına səbəb olub".

Avtomobil satışı ilə məşğul olan şəxslərin bildirdiyinə görə, yaşı 10 ildən çox olan avtomobillərin qiyməti 5-10% bahalaşıb. Satıcılar növbəti aylarda qiymətin daha da bahalaşacağını bildiriblər.

İqtisadçı ekspert Eyyub Kərimli isə deyib ki, yaşı 10 ildən çox olan minik avtomobillərinin qiymətinin artması qaçınılmazdır.

O bildirib ki, ölkəmizdə avtomobil parkı köhnədir, avtomobillərin 80%-nin yaşı 10 ildən çoxdur.

"Bu qərarın ölkənin avtomobil parkının yenilənməsinə müsbət təsiri olacaq. Həm də ekoloji cəhətdən təmiz, texniki tərəfdən isə yeni avtomobillər ölkəyə gətiriləcək. Lakin avtomobil parkının yenilənməsinin müsbət tərəfi olduğu kimi mənfi tərəfləri də olacaq. Belə ki, bu hal ölkədən valyuta çıxışına da təsir göstərəcək. Belə ki, 2013-cü ildən bu tərəfə istehsal olunan avtomobillər daha bahalı avtomobillərdir və buna görə də ölkədən valyuta çıxışı çox olacaq", - deyə ekspert qeyd edib.

Qeyd edək ki, Baş nazir Əli Əsədovun 29 mart tarixində imzaladığı qərarla Zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin (raritet minik avtomobilləri və gömrük ərazisinə müvəqqəti gətirilən minik avtomobilləri istisna olmaqla) Azərbaycan Respublikası ərazisinə gətirilməsi məhdudlaşdırılıb. Bu qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti