Bakı. Trend:
Son məlumatlara görə, 2,6 milyard insanın hələ də internetə çıxışı yoxdur.
Trend xəbər verir ki, bu barədə Beynəlxalq Elektrik Rabitəsi İttifaqının Müstəqil Dövlətlər Birliyi (MDB) regionu üzrə direktoru Natalya Moçu Bakıda keçirilən "M360 Eurasia 2024" beynəlxalq konfransında çıxışında deyib.
"Rəqəmsal iqtisadiyyat barəsində çox eşidirik və baş katibimiz Mobil Dünya Konqresində bildirib ki, son on il ərzində rəqəmsal iqtisadiyyat fiziki ümumdaxili məhsulla (ÜDM) müqayisədə 2,5 dəfə çox artıb", - o deyib.
Regional direktor telekommunikasiya sahəsinin rəqəmsal iqtisadiyyatın təqdim etdiyi yeni imkanları çox diqqətlə izlədiyini qeyd edib.
"Biz hamımız 5G, kosmik iqtisadiyyat kimi transformasiya texnologiyalarını, eləcə də, bu sahələrin gözlənilən və proqnozlaşdırılan faydalarını, eləcə də, qlobal ÜDM-də artımını izləyirik", - deyə o əlavə edib.
Qeyd edək ki, 15-16 may tarixlərində Bakıda "M360 Eurasia 2024" beynəlxalq konfransı keçirilir. Tədbirdə region üzrə aparıcı ekspertlər, tənzimləyici qurumların, mobil rabitə operatorlarının və İT korporasiyalarının rəhbərləri, eləcə də, yüksək vəzifəli siyasətçilər və digər iştirakçılar bir araya gəlib.
"M360 Eurasia" Bakıda ikinci dəfədir ki, keçirilir.
(Tərcümə: Rəna Əbdürəhmanova)