Bakı. Trend:
İyunun 3-də Azərbaycan Baş naziri Əli Əsədov Minskdə “Avrasiya İqtisadi İttifaqının Ərzaq Təhlükəsizliyi” plenar iclasında qonaq qismində iştirak edib.
Trend xəbər verir ki, plenar iclasda çıxış edən A.Əsədov iştirakçıların diqqətini ərzaq təhlükəsizliyinin vacibliyinə yönəldib.
O bildirib ki, ərzaq təhlükəsizliyi cəmiyyətin sağlamlığının, rifahının və davamlı inkişafının təmin edilməsində mühüm rol oynayır, ölkənin iqtisadi və sosial sabitliyi ilə bilavasitə bağlıdır, eyni zamanda, milli təhlükəsizlik baxımından strateji əhəmiyyət kəsb edir.
“Yuxarıda göstərilən və digər çağırışları nəzərə alaraq, ərzaq təhlükəsizliyinin təmin edilməsi Azərbaycanın dövlət iqtisadi siyasətinin strateji əhəmiyyətli prioritetlərindən biri kimi müəyyən edilib”, - Baş nazir bildirib.
Plenar iclas iştirakçılarına daxili məhsullara olan daxili tələbatın ödənilməsi məqsədilə iqtisadiyyatın kənd təsərrüfatı və yeyinti sahələrinin inkişafı istiqamətində dövlət tərəfindən həyata keçirilən ardıcıl tədbirlər barədə məlumat verilib.
Qeyd edilib ki, kənd təsərrüfatı məhsullarının və ərzaq məhsullarının təhlükəsizliyinə, bitki və heyvanların sağlamlığına diqqət artırılır.
Bildirilib ki, həyata keçirilən kompleks tədbirlər nəticəsində ötən il Azərbaycanda kənd təsərrüfatı məhsullarının həcmi 3 faiz artıb. Eyni zamanda, heyvandarlıq məhsullarında artım 3,2 faiz, bitkiçilikdə 2,7 faiz olub.
“Müsbət tendensiya bu il də davam edir. İlk 4 ayda kənd təsərrüfatı məhsulları istehsalı 1,6% artıb. Heyvandarlıq məhsulları istehsalı 1,5%, bitkiçilik məhsulları istehsalı 2,7% artıb”, - deyə Ə.Əsədov əlavə edib.
Vurğulanıb ki, dəstək tədbirləri sayəsində ölkənin bir sıra ərzaq məhsulları, o cümlədən, meyvə-tərəvəz, kartof, yumurta, ət və süd məhsulları ilə özünütəminetmə səviyyəsi 80 faizi ötüb.
Baş nazir ötən ilin sonunda Azərbaycanın qeyri-neft və qaz ixracının təxminən 10% artdığını da qeyd edib.
Ərzaq məhsulları istehsalçılarının həvəsləndirilməsi istiqamətində kompleks tədbirlərdən danışan A.Əsədov onlara subsidiyalar, vergi, gömrük və bir sıra digər güzəştlərin verildiyini bildirib.
Fevralda Nazirlər Kabineti mikro, kiçik və orta biznesə əlavə dəstəyin göstəriləcəyi iqtisadiyyatın prioritet sahələrinin siyahısını təsdiq edib. İqtisadiyyatın mühüm sahələrindən biri kimi kənd təsərrüfatı da Siyahıya daxil edilib.
Bitki və heyvan sağlamlığının qorunması sahəsində ardıcıl tədbirlərdən danışan A.Əsədov qeyd edib ki, qanunvericilik bazasının təkmilləşdirilməsi, yüksək texnologiyalar və innovativ həllərdən istifadə, laboratoriya imkanlarının artırılması, sərhəddə baytarlıq və fitosanitar nəzarətinin gücləndirilməsinə xüsusi diqqət yetirilir.
İqlim dəyişikliyinin ərzaq təhlükəsizliyinin təmin edilməsinə mənfi təsirinə toxunan A.Əsədov Azərbaycanın iqlim dəyişikliyi ilə qlobal mübarizəyə verdiyi töhfələr barədə plenar iclas iştirakçılarına məlumat verib.
Bildirilib ki, bu il COP29-un Azərbaycanda keçirilməsi ölkənin
bu istiqamətdə strategiyasının tərkib hissəsidir.
Azərbaycanın ərzaq təhlükəsizliyinin təmin edilməsinə dair bütün
məsələlər üzrə Aİİ-nin tərəfdaş üzvləri ilə qarşılıqlı faydalı
əməkdaşlığı daha da inkişaf etdirməyə hazır olduğu bildirilib.