Bakı. Trend:
COP29 konfransının Azərbaycanda keçirilməsi ölkəni qlobal "yaşıl" enerji keçidin əsas iştirakçılarından biri kimi təqdim edir. Strateji tərəfdaşlıq və bərpa olunan enerji mənbələrinin inkişafına sadiq qalmaqla Azərbaycan "yaşıl" enerji sektorunu genişləndirmək və bu sahədə beynəlxalq oyunçularla iqtisadi əlaqələri dərinləşdirmək məqsədini güdür.
Azərbaycanın "yaşıl" enerji sahəsində ambisiyaları
Azərbaycan uzun illərdir ki, regionun əsas enerji istehsalçılarından biridir. Lakin ölkə getdikcə davamlı alternativlərə daha çox diqqət ayırır. Əsasən günəş və külək enerjisi sahəsində zəngin bərpa olunan enerji resurslarına malik olan ölkənin bu mənbələrdən 27 QVt-dan çox elektrik enerjisi istehsal etmək potensialı var. Hökumət 2030-cu ilə qədər elektrik enerjisi istehsalının 30 faizini bərpa olunan mənbələrdən təmin etmək məqsədini qarşıya qoyub. Bu, iqlim dəyişikliyi ilə mübarizə üzrə qlobal hədəflərə uyğundur.
“Masdar” şirkəti ilə əməkdaşlıq çərçivəsində mühim layihələr həyata keçirilmişdir. Bu layihələrə 445 MVt gücündə Biləsuvar Günəş Fotoelektrik Layihəsi, 315 MVt gücündə Neftçala Günəş Fotoelektrik Layihəsi və 240 MVt gücündə Abşeron-Qaradağ Külək Enerjisi Layihəsi daxildir. Bu təşəbbüslər illik təxminən 2,3 milyard kVt·saat elektrik enerjisi istehsalına, 500 milyon kubmetr təbii qazın qənaət edilməsinə və 1 milyon tondan çox karbon qazı tullantısının azaldılmasına yönəldilmişdir.
Bundan əlavə, 2023-cü ilin oktyabrında “Masdar” şirkəti Azərbaycanda ilk günəş enerjisi layihəsini — 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasını istifadəyə vermişdir. Layihənin ildə 500 milyon kVt·saat elektrik enerjisi istehsal edəcəyi gözlənilir ki, bu da Azərbaycanın "yaşıl" enerji keçidi üzrə hədəflərinə nail olmasına töhfə verəcəkdir.
Bu təşəbbüslər Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı və Asiya İnfrastruktur İnvestisiyaları Bankı tərəfindən beynəlxalq maliyyələşdirmə ilə dəstəklənir. Layihələr Azərbaycanın "yaşıl" enerji sahəsində regional lider kimi öz mövqeyini gücləndirmək strategiyasının bir hissəsidir.
Bununla yanaşı, Azərbaycanı Macarıstan, Rumıniya, Bolqarıstan və Gürcüstanla birləşdirən "Yaşıl Enerji Dəhlizi" təşəbbüsü ölkənin bərpa olunan enerji resurslarını Avropa bazarlarına qoşma öhdəliyini nümayiş etdirir və Azərbaycanın "yaşıl" enerji sahəsində regional lider kimi mövqeyini daha da gücləndirir.
COP29 sammiti Azərbaycan, Özbəkistan və Qazaxıstana ekoloji təmiz enerji tranziti təşəbbüsü çərçivəsində əməkdaşlığı gücləndirmək üçün platforma təqdim etdi. Üç ölkə bərpa olunan enerji mənbələrinin işlənib hazırlanması və ötürülməsinə yönəlmiş strateji tərəfdaşlıq haqqında saziş imzaladı. Bu təşəbbüs ekoloji təmiz enerjinin Avropa və dünya bazarlarına çatdırılmasını, həmçinin hidrogen və ammonyakın dayanıqlı istehsalı üzrə layihələrin dəstəklənməsini hədəfləyir. Əməkdaşlığın əsas komponentlərindən biri Xəzər və Qara dənizləri vahid "yaşıl" enerji dəhlizində birləşdirəcək Qara dənizdəki sualtı elektrik kabeli layihəsidir.
Bu üçtərəfli təşəbbüs regionun "yaşıl" keçidə sadiqliyini nümayiş etdirməklə yanaşı, davamlı enerji infrastrukturu sahəsində daha geniş beynəlxalq investisiyalara imkan yaradır və qlobal ticarət və enerji axınları üçün strateji əhəmiyyətə malik Orta Dəhlizin rolunu gücləndirir.
Beynəlxalq tərəfdaşlıq: maliyyə və texnologiyalar
Azərbaycanın COP29 sammitini keçirməsi "yaşıl" enerji sahəsində beynəlxalq əməkdaşlığın inkişafındakı liderliyini qlobal səviyyədə tanıtdı. Bu yaxınlarda Trend-ə müsahibəsində Palau Respublikasının Prezidenti Surangel Samuel Vips Azərbaycanı bu konfransın keçirilməsi münasibətilə təbrik edərək, iqlim dəyişikliyi ilə mübarizənin maliyyələşdirilməsinin əhəmiyyətini vurğuladı.
"Bu sammit bütün dünyanın birləşməsi üçün bir fürsət oldu. COP29, real fəaliyyətlər üçün vəsaitlərin toplanmasına həsr olunduğu üçün maliyyə konfransı kimi tarixə düşdü. [...] Ən vacibi odur ki, biz irəliləyişə nail olduq. Mən COP29 sədrliyini maliyyə konfransını uğurla keçirdiyi və əhəmiyyətli vəsaitlər cəlb etdiyi üçün təbrik etmək istəyirəm. İndi diqqətimizi iqlim maliyyələşdirilməsinə yönəltməyə davam etməliyik. 300 milyard dollar mühüm bir addımdır, lakin etiraf etməliyik ki, daha çox vəsaitə ehtiyacımız var. Ambisiyalarımızı qoruyub saxlamalı və bu istiqamətlərdə irəliləmək üçün bütün tərəflərlə birgə çalışmalıyıq", - deyə S.Vips bildirib.
Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizə üzrə maliyyələşdirmə məsələlərinin müzakirəsinə töhfəsi digər beynəlxalq şəxslər tərəfindən də yüksək qiymətləndirilib. Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Qafqaz üzrə regional direktoru Alkis Vriyenios Drakinos Azərbaycanın nailiyyətləri ilə bağlı qürurunu ifadə edib.
“Azərbaycanın bu tədbiri qəbul etməsindən xüsusilə məmnun və qürurluyuq”, - deyə A.Drakinos bildirib.
“Deyə bilərəm ki, COP konfransının təşkilatçılığı son dərəcə yüksək səviyyədə keçdi və təşkilat komitəsini təbrik edirəm. Bu miqyasda tədbirin keçirilməsi dünya səhnəsində mühüm nailiyyətdir və Azərbaycan bununla qürur duya bilər”, - o əlavə edib.
Maliyyə investisiyaları ilə yanaşı, Azərbaycan texnoloji cəhətdən inkişaf etmiş ölkələrlə təcrübə və ekoloji təmiz texnologiyaların ötürülməsi sahəsində əməkdaşlıqda maraqlıdır. Azərbaycanda yüksək texnologiyalı enerji avadanlıqlarının təmiri və texniki xidməti üzrə mərkəzlərin yaradılması yerli potensialı gücləndirməyə yönəlmiş daha geniş strategiyanın bir hissəsidir. Bununla yanaşı, Azərbaycan "yaşıl" enerji sahəsində ixtisaslı kadrların hazırlanmasına diqqət yetirərək, növbəti nəsil mütəxəssislərin hazırlanması üçün xüsusi təhsil proqramları yaratmağı planlaşdırır.
Azərbaycanın gələcəyə baxışı
COP29-un Azərbaycanda keçirilməsi ölkədə "yaşıl" enerji sahəsində gələcək inkişaflar üçün yeni imkanlar açır. Qlobal maliyyə və texnoloji resurslardan istifadə edərək, Azərbaycan təkcə enerji mənbələrini şaxələndirməyi deyil, həm də iş yerləri yaratmağı, innovasiyaları stimullaşdırmağı və ümumilikdə iqtisadiyyatı gücləndirməyi hədəfləyir. Tədbir zamanı iqlim dəyişikliyi problemlərinin həlli üçün beynəlxalq əməkdaşlığın davam etdirilməsinin vacibliyi vurğulandı və Azərbaycan bu qlobal səylərin ön sıralarında olmağa hazırdır.
COP29 çərçivəsində Azərbaycanın "yaşıl" enerji sahəsində beynəlxalq liderlərlə əlaqələrinin dərinləşməsi yalnız bir başlanğıcdır. Almaniya Federativ Respublikasının vitse-kansleri Robert Habek COP29 zamanı enerji transformasiyalarının genişlənməsi üçün müzakirələrin əhəmiyyətini xüsusi vurğuladı.
“Buradakı yenilik ondan ibarətdir ki, COP ənənəvi olaraq enerji bazarlarının və enerji sistemlərinin "yaşıl" keçidinə xüsusi diqqət yetirir. İndi isə biz məsələlərin dairəsini genişləndirərək bütöv sahələri əhatə edirik. Əgər COP-un inkişafına nəzər salsanız, görərsiniz ki, biz ilkin müzakirələrdən başlayaraq polad, beton və sement kimi materialların ekoloji standartlarının müəyyənləşdirilməsinə və onların ekoloji cəhətdən təkmilləşdirilməsinə qədər uzun bir yol keçmişik”, - deyə Robert Habek vurğulayıb.
Azərbaycanın bu tarixi tədbiri keçirməkdə liderliyi və "yaşıl" enerjiyə keçidə olan dəyişməz sadiqliyi şübhəsiz ki, uzunmüddətli təsir göstərəcək. Bu, ölkənin qlobal enerji bazarında əsas oyunçu kimi mövqeyini daha da möhkəmləndirəcək.