Bakı. Trend:
“Korporativ idarəetmə, investisiyalar və korporativ sosial məsuliyyət” İşçi Qrupunun Ekoloji, sosial və korporativ idarəetmə (ESG) standartları üzrə alt-qrupunun iclası keçirilib.
Trend-in məlumatına görə, iclasda çıxış edən işçi qrupunun rəhbəri, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib ki, 2025-ci il üçün Yol Xəritəsi təsdiq edilib və artıq icrasına başlanılıb:
"Tədbirlər üç mühüm istiqamət üzrə formalaşdırılıb. ESG üzrə milli standart və rəqəmsal platformanın hazırlanması mühüm bir nəticə olduğu kimi, onlardan effektiv istifadə edilməsi və mümkün qədər faydalanmaq vacibdir. Bu baxımdan, sözügedən məsələlər 2025-ci il üçün Yol Xəritəsində iki mühüm istiqamətini təşkil edəcək".
İclasda ekoloji, sosial və korporativ idarəetmə (ESG) prinsiplərinin tətbiqinin stimullaşdırılması və təşviq edilməsi üzrə nailiyyətlərin təqdimatı olub. ESGhub.az Platformasının və Milli ESG standartının qəbulu həyata keçirilib.
ESG üzrə 2025-ci il üçün Yol Xəritəsinin təqdimatı və ESGhub.az Platformasının fəaliyyətinin dayanıqlılığının təminatı və imkanlarının genişləndirilməsi müzakirə olunub.
ESG prinsiplərinin təbliği və tətbiqində səmərəli fəaliyyətin görə ESG altqrupunun üzvlərinə təşəkkür sertifikatı təqdim edilib.
SOCAR-ın ESG reytinqi üzrə aparılmış tədqiqatın nəticələri və əldə olunmuş təcrübənin paylaşılması barədə təqdimat olub.
Qeyd edək ki, iclasda İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər, Əmək və Əhalinin Sosial Müdafiəsi, Energetika nazirliklərinin, Mərkəzi Bankın, Azərbaycan İnvestisiya Holdinqinin, Sahibkarlığın İnkişafı Fondunun, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin, Azərbaycan Standartlaşdırma İnstitutunun, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin, Azərbaycan İnvestisiya Şirkətinin, Azərbaycan Sənaye Korporasiyasının, Dövlət Neft Şirkətinin və digər şirkətlərin məsul şəxsləri iştirak ediblər.