Bakı. Trend:
Qarlı hava şəraitində baş vermiş hadisələrə görə 3 milyon manata yaxın sığorta ödənişi nəzərdə tutulub.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Sığortaçılar Assosiasiyası məlumat yayıb.
Bildirilib ki, məlum olduğu kimi, cari ilin 21 fevral – 2 mart tarixləri aralığında ölkə ərazisində qeydə alınan intensiv qarlı və şaxtalı hava şəraiti nəticəsində bir sıra hadisələr qeydə alınıb.
"Bildirmək istəyirik ki, sözügedən hadisələr nəticəsində sığortalanmış avtonəqliyyat vasitələrinə, o cümlədən daşınmaz əmlaklara zərər dəymişdir.
Azərbaycan Sığortaçılar Assosiasiyası olaraq yerli sığorta bazarı iştirakçılarından aldığımız bu günə olan son dəqiq məlumatlara görə, ümumilikdə 7 sığorta şirkətinə sığortalanmış avtonəqliyyat vasitələri və daşınmaz əmlaklara dəymiş zərərlə bağlı ümumilikdə 4 414 müraciət daxil olub.
Bu müraciətlərin 3721-i “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü, 676-sı “Kasko” sığorta növü, 17-si isə “Daşınmaz əmlakın icbari sığortası” növü üzrə baş vermiş hadisələr ilə əlaqədar olub.
Sektordan aldığımız məlumata görə, 3215 hadisə üzrə ehtimal olunan zərər məbləği 2 milyon 708 min 396 manat həcmində müəyyən olunub, 1199 hadisə üzrə isə zərər qiymətləndirməsi prosesi davam edir. Hazırda daxil olmuş bütün müraciətlərə dair hadisələr tənzimləmə və zərər qiymətləndirilməsi mərhələsindədir və sığorta hadisəsi kimi tanınan hər bir hadisə üzrə sığorta ödənişlərinin həyata keçirilməsi nəzərdə tutulur.
Qeyd etmək istəyirik ki, sığorta şirkətlərinə daxil olmuş müraciətlər üzrə hadisələrin böyük əksəriyyəti paytaxt Bakıda qeydə alınıb", - qurumdan qeyd olunub.