Bakı. Trend:
Azərbaycanda qiymətli kağızlar bazarı qanunvericiliyinin beynəlxalq standartlara ve yerli bazarın tələbinə uyğunlaşdırılması ilə bağlı geniş bir layihəyə start verilmişdir.
Trend xəbər verir ki, bunu Azərbaycan Respublikası Mərkəzi Bankı (AMB) Kapital bazarı fəaliyyətinə dair siyasət və tənzimlənmə departamentinin direktoru Umeyra İbrahimova bu gün Bakıda keçirilən 12-ci Beynəlxalq Xəzər İnvestisiya Forumunda deyib.
O bildirib ki, Mərkəzi Bank tərəfindən qəbul olunmuş “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası”nda kapital bazarları xüsusi önəm kəsb edir:
"Korporativ qiymətli kağızlar bazarının dövriyyəsinin həcmi 2023-cü illə müqayisədə 2024-cü ilin sonuna 135 faiz artaraq 1 milyard 30 milyon manata çatmışdır. Qiymətli kağızlar bazarı qanunvericiliyinin beynəlxalq standartlara ve yerli bazarın tələbinə uyğunlaşdırılması ilə bağlı geniş bir layihəyə artıq start verilmişdir".
U.İbrahimova əlavə edib ki, iqtisadiyyatın dayanıqlı və davamlı inkişafında sahibkarlıq sahəsinin, real sektorun rolu danılmazdır.
"Bizim də əsas məqsədimiz real sektorun inkişafına dəstək verərək iqtisadiyyata müsbət töhfəmizi verməkdir. Bu istiqamətdə bütün səylərimizi göstərəcəyik", - deyə o vurğulayıb.