Bakı. Trend:
Bu ilin yanvar-fevral aylarında Azərbaycandan İrana 5,8 milyon kVt/saat həcmində elektrik enerjisi ixrac edilib.
Trend-in Dövlət Statistika Komitəsinin açıqladığı məlumatlar əsasında apardığı hesablamalara görə, bu miqdarda elektrik enerjisinin ixracından əldə olunan gəlir 164 min ABŞ dolları olub.
İrana elektrik enerjisi ixracı ötən ilin eyni dövrü ilə müqayisədə həcm ifadəsi ilə 651 min kVt/saat və ya 13,7%, dəyər ifadəsi ilə 18 min ABŞ dolları, yaxud da 12,3% artıb.
Belə ki, ötən ilin ilk iki ayında Azərbaycandan İrana 5,1 milyon kVt/saat həcmində, 146 min ABŞ dolları dəyərində elektrik enerjisi ixrac edilib.
Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında Azərbaycandan xaricə 296,2 milyon kVt/saat elektrik enerjisi ixrac edilib. Bu miqdarda elektrik enerjisinin dəyəri 16,4 milyon ABŞ dolları olub. Bu göstəricilər ötən ilin eyni dövrü ilə müqayisədə həcm ifadəsi ilə 316,5 milyon kVt/saat (2,1 dəfə), dəyər ifadəsi ilə 18,5 milyon ABŞ dolları (2,1 dəfə) azalıb. 2024-cü ilin ilk iki ayında Azərbaycandan ixrac edilən elektrik enerjisinin həcmi 612,7 milyon kVt/saat, dəyəri isə 34,9 milyon ABŞ dolları olub.
Onu da bildirək ki, hesabat ayında Azərbaycandan Rusiyaya, Gürcüstana və İrana elektrik enerjisi ixrac edilib.