Milan. Trend:
Azərbaycandan Avropaya "yaşıl" enerjinin tədarükünü nəzərdə tutan Black Sea Cable layihəsi Gürcüstan və Asiya İnkişaf Bankı (AİB) arasında əməkdaşlığın prioritet istiqamətləri sırasındadır,
Trend-in Milana ezam olunmuş xüsusi müxbiri xəbər verir ki, bunu Gürcüstanın maliyyə naziri və AİB-in ölkə üzrə idarəçisi Laşa Xutişvili bu gün AİB idarə heyəti şurasının biznes-sessiyasında çıxışı zamanı bildirib.
“Bərpa olunan enerji istehsalının artırılması, enerji saxlama sistemləri vasitəsilə təchizatın təhlükəsizliyinin təmin edilməsi, ötürmə və qoşulma infrastrukturunun, o cümlədən, qarşıdan gələn Qara dəniz sualtı elektrik kabeli layihəsi vasitəsilə genişləndirilməsi, nəqliyyat, rəqəmsal, su və bələdiyyə infrastrukturunun inkişafı, korporativ idarəetmə islahatları, insan kapitalına sərmayə qoyuluşu və innovasiyaların tətbiqi çağımızın bir hissəsidir", - o bildirib.
Xutişvili vurğulayıb ki, AİB-in 58-ci İllik Toplantısı dialoq, işgüzar əlaqələrin qurulması və yeni tərəfdaşlıqların tapılması üçün əla imkan yaradır.
"Gürcüstan öz inkişaf məqsədlərinə nail olmaqda müstəsna dayanıqlılıq nümayiş etdirdi.
Gürcüstanın son dörd il ərzində orta iqtisadi artımı ildə 9,5%-dən çox olub".
O, həmçinin, qeyd edib ki, Gürcüstan həm dövlət, həm də özəl sektoru əhatə edən təxminən 5,1 milyard dollar dəyərində çoxşaxəli layihələr portfeli çərçivəsində AİB ilə uğurlu əməkdaşlığını davam etdirir.
“Biz Gürcüstan üçün prioritet sahələrdə AİB ilə gələcək əməkdaşlığa əminik”, - deyə Xutişvili yekunlaşdırıb.