Bakı. Trend:
Cari ilin yanvar-aprel ayları üzrə dövlət büdcəsinin gəlirləri 13,965 milyard manat təşkil edib ki, bu da 4 aylıq proqnozdan 219,7 milyon manat və ya 1,6% çoxdur.
Trend bu barədə Maliyyə Nazirliyindən məlumat əldə edib.
Məlumata görə, hesabat dövründə dövlət büdcəsinin xərcləri 11,192 milyard manat proqnoza qarşı 10,962 milyard manat, yəni 97,9% icra olunub.
Qeyd edilib ki, gəlirlərdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar 6,923 milyard manat təşkil edərək proqnozdan 398,2 milyon manat və ya 6,1%, Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar 2,065 milyard manat təşkil edərək proqnozdan 37,9 milyon manat və ya 1,9%, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üzrə daxilolmalar 14,8 milyon manat təşkil edərək proqnozdan 3,2 milyon manat və ya 27,2% və sair daxilolmalar 182,3 milyon manat təşkil edərək proqnozdan 100,4 milyon manat və ya 122,4% çox icra edilib.
Dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 200,3 milyon manat təşkil edərək proqnoza qarşı 71,9 milyon manat və ya 26,4%, Dövlət Neft Fondundan transfert isə 4,579 milyard manat təşkil edərək proqnoza qarşı 247,9 milyon manat və ya 5,1% az icra edilib.
Bu ilin yanvar-aprel aylarında dövlət büdcəsinin gəlirlərinin icrasında yüksək göstəricilər qeydə alınıb, xərclərlə əlaqədar 440 mindən çox ödəniş tapşırığı yerinə yetirilib.