...

Azərbaycan əvvəlki kimi Ermənistanla sülhə sadiqdir - Səfir Elin Süleymanovun "The Telegraph" nəşrindəki məqaləsindən

Siyasət Materials 5 May 2025 13:03 (UTC +04:00)
Azərbaycan əvvəlki kimi Ermənistanla sülhə sadiqdir - Səfir Elin Süleymanovun "The Telegraph" nəşrindəki məqaləsindən
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan səmimi olaraq Ermənistanla münasibətlərin normallaşdırılmasına və regionda uzunmüddətli təhlükəsizliyin təmin olunmasına can atır.

Trend xəbər verir ki, bunu Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov “The Telegraph”da dərc olunan məqaələsində bildirib.

Azərbaycanla Ermənistan arasındakı sülh prosesini qiymətləndirən Süleymanov, rəsmi Bakının Cənubi Qafqazda sabitliyinin qorunub saxlanılmasına sadiqliyinin dəyişməz olaraq qaldığını vurğulayıb və xaricdən qaynaqlanan ideoloji əngəllərlə bağlı xəbərdar edib.

2020-ci il münaqişəsinin nəticələrindən söz açan Süleymanov bunları deyib:

“Həlledici hərbi üstünlük əldə etdikdən sonra, Azərbaycan Ermənistana sülh müqaviləsi və münasibətlərin normallaşdırılmasını, o cümlədən nəqliyyat və kommunikasiya əlaqələrinin bərpasını təklif edib”.

Onun sözlərinə görə, Ermənistan bir neçə il ərzində prosesi uzadıb və yalnız bu yaxınlarda Bakının ta əvvəldən irəli sürdüyü şərtlərlə razılaşıb.

Səfir sülh sazişinin mətni üzrə razılaşmanın əldə olunmasını alqışlayaraq, bunun vacib bir dönüş nöqtəsi olduğunu diqqətə çatdırıb. O bu razılaşmanın hər hansı vasitəçi olmadan birbaşa aparılmış danışıqların nəticəsi olduğunu xüsusi olaraq qeyd edib:

"Üçüncü tərəflərin vasitəçiliyinin qeyri-effektivliyi artı fəaliyyətini de-fakto olaraq dayandırmış qeyr-işlək ATƏT Minsk Qrupunun timsalında açıq-aydın göstərdi".

Süleymanovun fikrincə, təkcə imzalanmış sənədin olması kifayət etmir. O, 1994-cü il Budapeşt Memorandumu ilə paralel apararaq bunu deyib: “Sazişin mətni təkbaşına davamlı sülhün təminatçısı ola bilməz”.

Əsl normallaşmaya mane olan əsas amillərdən biri kimi səfir Ermənistanın Konstitusiyasını göstərib. O bildirib ki, sənəddə “hələ də Azərbaycan torpaqlarının ilhaqını nəzərdə tutan müddəalar yer almaqdadır”. Bu isə onun sözlərinə görə, birbaşa şəkildə razılaşmada təsbit olunmuş ərazi bütövlüyü və suverenlik prinsiplərinə ziddir.

“Azərbaycanla sülhə qarşı çıxan nüfuzlu erməni siyasi qüvvələri öz konstitusiyalarını əsas gətirərək, beynəlxalq səviyyədə tanınmış ərazilərimizə qarşı ərazi iddiaları irəli sürməkdə davam edirlər”, – deyə səfir əlavə edib.

Süleymanov Ermənistanda ictimai əhval-ruhiyyədə müsbət dəyişikliklər müşahidə olunduğunu da nəzərə çatdırıb: “Hətta baş nazir Nikol Paşinyan etiraf etdi ki, Azərbaycanın öz torpaqlarını azad etməsi Ermənistana öz suverenliyinə fokuslanmaq və xarici siyasətdə daha geniş manevr imkanları əldə etmək fürsəti verdi”. Səfir əlavə edib ki, “hətta ən radikal erməni millətçiləri belə anlayırlar ki, etnik əsaslara söykənən dar düşüncəli siyasət bu uzunmüddətli münaqişənin əsas səbəblərindən biri olub”.

Məqalədə eyni zamanda, xaricdə fəaliyyət göstərən erməni diasporları və Qərb siyasətçilərin ünvanına tənqidlər səsləndirilib. Süleymanovun fikrincə, onlar ideologiyanı faktdan üstün tuturlar. O xüsusi olaraq, britaniyalı mer lord Oltonun adını çəkib. Onun sözlərinə görə, Olton sistematik olaraq Azərbaycanı tənqid edir və Qarabağda separatçılara başçılıq etmiş rusiyalı oliqarx Ruben Vardanyan kimi fiqurlara dəstək göstərir. Səfir qeyd edib ki, Vardanyan “qanunsuz olaraq Moskvadan Azərbaycan ərazisinə atılıb” və müharibəni dəstəklədiyinə görə, adı Ukraynanın sanksiya siyahısında hallanır.

Məqaləni barışıq tonunda yekunlaşdıran Süleymanov, mərhum Papa Fransiskin Azərbaycana səfəri zamanı səsləndirdiyi fikirləri xatırladıb. Papa ölkədə inklüzivlik mədəniyyətini yüksək qiymətləndirərək, əsl sülhə çağırış etmişdi.

“İkiüzlülük və bölücü narrativlərdən uzaq bir sülhə doğru”, – deyə səfir Papa Fransiskin sözlərini təkrar edib və bütün tərəfləri ideoloji mövqeləri bir kənara qoymağa, davamlı barışıq üzərində fokuslanmağa səsləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti