Bakı. Trend:
Artıq beyin ölümü aşkarlanmış qohumlarının orqanlarını bağışlayan insanlar belə var.
Bunu Trend-ə özəl açıqlamasında Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova deyib.
O bildirib ki, bu hallar artıq açıqlanmır: "Artıq meyitdən donor orqanları köçürülür və bundan sonra siyahıda gözləyən insanların sayı da artmağa başlayıb.
İnsanlar artıq başa düşürlər ki, bu Azərbaycanda mövcuddur. Eyni zamanda, ölümündən sonra donor olmaq istəyənlərin sayı da artıb".
"Hal-hazırda bizim saytımız var. Oradan "SİMA" imzayla hamı donor ola bilər. Həmçinin, Naxçıvan sakinləri də onlayn "SİMA" imzaları ilə donor ola bilərlər. Hazırda isə 200-ə yaxın şəxs donor olmaq üçün müraciət edib. Düzdür, bu say azdır. Biz istərdik ki, bu say daha çox olsun. Çünki gözləyən insanlar çoxdur",- deyə o əlavə edib.
Yeganə Abbasova qeyd edib ki, donor köçürülməsi sahəsində təşviqat, təbliğat aparılır.
"Bu ildən rayonlara səfər edəcəyik. Azərbaycan Respublikasında yerləşən reanimasiya şöbəsində süni tənəffüs aparatı olan bütün xəstəxanalar mənbə xəstəxanalarıdır. Çünki beyin ölümü diaqnozu ilə xəstə oradan çıxır. Biz Bakıdakı xəstəxanaları artıq elektron vahid informasiya sisteminə birləşdirmişik. Ağır xəstələr gələndə vahid informasiya sistemində görünür. May ayından isə rayonlardakı xəstəxanaları informasiya sisteminə qoşacağıq. İlk olaraq Xızı və Şabran rayonu xəstəxanalarına gedəcəyik. Orada beyin ölümü diaqnostikası təlimləri keçəcəyik. Çünki bunu bilmədən orqan çıxarıla bilməz",- deyə o əlavə edib.