Bakı. Trend:
“Naftoqaz” şirkətlər qrupu SOCAR qrupuna daxil olan “SOCAR Energy Ukraine” şirkəti ilə Azərbaycan təbii qazının alınması haqda ilk sazişini bağlayıb.
Trend bu barədə “Naftoqaz”a istinadən xəbər verir.
Belə ki, qaz ilk dəfə olaraq Bolqarıstan-Rumıniya-Ukrayna dəhlizi vasitəsilə Transbalkan marşrutu ilə sınaq rejimində tədarük olunur.
“Tədarük həcmi böyük olmasa da, bu, uzunmüddətli əməkdaşlığa yol açan strateji əhəmiyyətli bir addımdır. Bu həmçinin, təchizat mənbələrinin şaxələndirilməsinin və Ukraynanın enerji təhlükəsizliyinin gücləndirilməsinin növbəti nümunəsidir”, – “Naftoqaz”ın baş direktoru Sergey Koretski bildirib.
Öz növbəsində “SOCAR Energy Ukraine”dan bildirilir ki, 24 iyul 2025-ci ildə “Naftoqaz” şirkətlər qrupu ilə sınaq qaz tədarükləri haqda saziş imzalanıb.
“Qaz Ukraynaya Bolqarıstandan nəql olunacaq. Qeyd etmək lazımdır ki, tarixdə ilk dəfə olaraq Azərbaycan mənşəli qaz Ukraynaya nəql olunacaq”, - deyə şirkətdən bildiriblər.