...

Azərbaycanla İsveçrə arasında ticarət dövriyyəsi 4 dəfəyə yaxın artıb

İqtisadiyyat Materials 9 Fevral 2026 10:30 (UTC +04:00)
Azərbaycanla İsveçrə arasında ticarət dövriyyəsi 4 dəfəyə yaxın artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci ildə Azərbaycanla İsveçrə arasında ticarət əməliyyatlarının həcmi 1,773 milyard ABŞ dolları təşkil edib.

Trend bu barədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata əsasən, bu, 2024-cü ildəki göstərici ilə müqayisədə 1,3 milyard ABŞ dolları və ya 3,8 dəfə çoxdur.

Hesabat dövründə İsveçrə ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 3,59%-i həcmində olub. Bununla da İsveçrə hesabat dövrü ərzində Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı ölkələr sırasında 5-ci pillədə qərarlaşıb.

Ötən il Azərbaycandan İsveçrəyə 480,3 milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, 2024-cü illə müqayisədə 259,9 milyon ABŞ dolları və ya 2,2 dəfə çoxdur.

Dövr ərzində İsveçrəyə ixrac əməliyyatlarının 132,6 milyon ABŞ dolları bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsullarının payına düşüb. Bu dəyərdə sözügedən məhsulların həcmi isə 260,2 min ton təşkil edib. Əvvəlki ilin eyni dövründə Azərbaycandan İsveçrəyə sözügedən məhsulların ixracı qeydə alınmayıb.

Eyni zamanda 2025-ci ildə Azərbaycandan İsveçrəyə 347,8 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac edilib ki, bu da 2024-cü illə müqayisədə 127,4 milyon ABŞ dolları və ya 1,6 dəfə çoxdur. Azərbaycanın qeyri-neft məhsulları ixracında İsveçrənin payı 9,59% təşkil edib. Bununla da İsveçrə Azərbaycanın ən çox qeyri-neft məhsulları ixrac etdiyi ölkələr sırasında 4-cü pillədə qərarlaşıb.

Hesabat dövründə İsveçrədən Azərbaycana isə 1,293 milyard ABŞ dolları dəyərində ixrac əməliyyatları icra olunub ki, bu da 2024-cü illə müqayisədə 1 milyard ABŞ dolları və ya 5,3 dəfə artım deməkdir.

Qeyd edək ki, 2025-ci ildə Azərbaycan xarici ölkələrlə 49,423 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, əvvəlki ilə nisbətən 1,810 milyard dollar və ya 3,8% çoxdur.

Xarici ticarət dövriyyəsinin 25,043 milyard ABŞ dolları ixracın, 24,380 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 1,5 milyard dollar və ya 5,7% azalıb, idxal isə 3,322 milyard dollar və ya 15,8% artıb.

Yekunda xarici ticarətdə 663 milyon dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 4,833 milyard dollar və ya 8,3 dəfə azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti