...

Azərbaycan bazarında keyfiyyətsiz ərzaqların azaldılması üçün yeni qanun lazımdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 İyul 2008 19:54 (UTC +04:00)
Azərbaycan bazarında keyfiyyətsiz ərzaqların azaldılması üçün yeni qanun lazımdır

Azərbaycan, Bakı, 01 iyul/ Trend /Azərbaycan bazarında keyfiyyətsiz ərzaqların qarşısını müvafiq qanunun qəbul edilməsi ilə xeyli dərəcədə azaltmaq olar. Azərbaycanda olan ərzaqların əksəriyyəti keyfiyyət və təhlükəsizlik standartlarına cavab vermir.

Bazarda əsas problem qablaşdırmanın standarta uyğun olmaması, ərzaqların saxlanılması və realizə edilməsi, sanitar-gigiyenik normalara əməl olunmamasıdır. Meyvənin, tərəvəzin, ətin, südün və  balığın realizə olunması ilə bağlı problemlər də mövcuddur. Tez-tez plastik yeşiklərdən təkrar istifadə hallarına rast gəlinir.

Azərbaycanda "Qida məhsulları" haqda Qanun qüvvədədir. Bu Qanuna əsasən, istehsalçı malını qablaşdırmalı, markalamalı, istehsalçının adını,ünvanını, istehsal tarixini, istifadəyə yararlılıq müddətini və saxlanma şərtlərini göstərməlıdir. Əməli surətdə bu tələblərə heç də həmişə riayət olunmur və istehsalçıların mallarının parametrləri qeyd olunmur.  

Məsələn, ABŞ-da malların keyfiyyətini tənzimləyən 13 Qanun var. Pozuntulara görə Qanunvericiliklə cinayət məsuliyyətinə cəlb edilmə, malın düzgün markalanmamasına görə üç il azadlıqdan məhrum etmə və ya 100 min dollar cərimə nəzərdə tutulub.

Bu gün Azərbaycanın qarşısında duran vəzifə ölkənin dünya iqtisadiyyatına inteqrasiyası və Ümumdünya Ticarət Təşkilatına üzvlük məsələsidir.ÜTT-nin əsas tələblərindən biri isə, istehsal olunan məhsulun keyfiyyətidir.

2007-ci ilin martından 2008-ci ilin martınadək bazarın keyfiyyətli məhsullarla təmin edilməsi üzrə işlər aparan İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti laborator müayinədən keçən 394 adda məhsul qeydə alıb. Analiz nəticələrinə görə, malın 170-i keyfiyyətsiz sayılıb, 140-ı texniki-normativ tələblərə cavab verməyib, 84 növdə mala qiymət vermək mümkün olmayıb. Nəticədə, dövriyyədən təxminən 112,6 kq vaxtı ötmüş və 1,6 min kq mənşəyi bilinməyən mal çıxarılıç. Xidmət tərəfindən keyfiyyətsiz malların, əsasən, Bakı bazarında müşahidə edildiyi qeyd olunub. Ölü heyvanların ətinin satılması, marqarinin şit yağ adı altında satılması, kustar üsulla hazırlanan keyfiyyətsiz spirtli içkilərin satılması halları aşkar edilib.

Ölkəyə gətirilən keyfiyyətsiz məhsullarla da bağlı problem ciddi olaraq qalır. Bu yaxınlarda İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinin bazarın keyfiyyətli məhsullarla təmin edilməsi üzrə apardığı monitorinq nəticəsində, vaxtı ötmüş mallar və saxta istehsalçı tarixi ilə markalanma aşkarlanıb. Həmçinin, vaxtı ötmüş peçenye, keks, Moldova və Rusiya firmalarının şokoladları aşkarlanıb.

Bundan başqa, bazara sağlamlıq üçün çox təhlükəli, xüsusilə Türkiyədən gətirilmiş meyvə, tərəvəz daxil olur.

Bu gün ÜTT-yə üzv olmağa hazırlaşan ölkə ərzaq mallarının təhlükəsizliyinin təminatı üzrə görülən tədbirlərin insanın səhhətinin lazımi səviyyədə qorunduğunu və ticarətə maneçilik törədilmədiyini mütləq qaydada göstərməlidir

Leyla Abdullayeva, Trend Analitik Mərkəzinin eksperti

Xəbər lenti

Xəbər lenti